Könül Nuriyeva- Məktubunda yazırsan

Ədəbiyyat 21:00 / 28.07.2026 Baxış sayı: 241

Məktubunda yazırsan,—Allah şahiddir ki, məni unutmayıbsan,

saçlarımın rəngini,

qucaqlayanda səni,

dərindən çəkdiyim ahlar,

indi gözlərini yaşardar…

O gündən təksən,

yaşamağına yaşayırsan e,

amma elə bil içində daş gəzdirən ürəksən,

hər qapı döyüntüsünə diksinirsən,

niyə belə ürkəksən?

Heç bilməzdin ağır olar

bir qadının səssizliyi,

qadındı da nankordu,

ona unutdurar bir şeir, təkcə bir şeir sənsizliyi,

Hardan biləsən ki, dəyirman daşı ağırlığında tale yükü çəkərsən…

“Yalnızlığın məsumiyyət muzeyi …”

Belə çağırır dostların səni,

Otağında başqa rəng yoxdur, hər şey sarıdır sarı,

daha bu rəng bildirmir ayrılığı,

hamıya xatırladır payız fəslini.

Mənə qalsa, qur həyatını

yoxdurmu ürəyinə yatan qadın məndən savayı?

Vallah, unutmuşam göndərdiyin məktubların sayını.

Allah şahiddir, toxunmadın kimsəyə,

məscidə çox getdin, sakitləşmədi ürəyin,

üz tutdun sinaqoqa, kilsəyə.

Bəzən təkəbbürlü oldun,

bəzən döndün yazıq kimsəyə.

Özünü söyə- söyə

Nə xeyri var adımı qoluna, sinənə döyə- döyə?

Bu tatulardan xeyir gəlməz,

ümid edirsən ki, onlar sevgi göyərdə?

Allah şahiddir, mən görməsəm o görür,

sənin alicənablığını, oyanışını,

elə hey fırlandığın qaranlıq dairəni,

ispata çalışdığın sevgi teoremlərini,

səhv çıxartdığın riyazi kəsrləri

Görən, xəyanətkarlar bir gecədə sevgiyə neçə qurban kəsirlər?

Görəsən, Allah cəhənnəmə göndərirmi

sevgini oyuncaq bilənləri,

vəfasızları, yalançı kəsləri?!

Sən axı necə ölə bilirsən dərdimdən mənim?

Daha cavan deyil gördüyün qadın

Vaxtıdır, rahatca üzülə bilər ondan əllərin,

yazırsan ki,- az qala başını divara vurasan,

yaddan çıxara bilmirsən onun gecə kimi qara tellərin.

Yazırsan ki,- dərman kimi qatılıbsan yuxuma,

acı olsan da, gəlirsən xoşuma,

cüt gəzdiyimiz yerləri hər gün gəzsən də,

niyə çıxmırsan tuşuma?

Niyə rəhm etmirsən, niyə kömək etmirsən dərdindən içən sərxoşuna?

Oxuyuram bu sözlərini,

düzü, ağlaya bilmirəm, daha əvvəlki tək

bir kəlmənə silmirəm gözlərimi,

daha ürəyim titrəmir, əsmir,

daha balaca qız kimi görüşünə tələsmir

daha səni bilmirəm Allahım,

daha səni nə savab sayıram, nə də günahım…

Sonra yazırsan ki,- ölümü gəmi bilirsən uzaqlara üzürsən,

dəniz boyda dərdin var,

çəkə bilmirsən, çox üzülürsən,

tənhasan, yalnızlığın səmasında süzürsən,

mənim xəyalım səni yaşamağa qoymur, mənimlə tarazlığını pozursan.

Məni danlayırsan ki, getməyə ustayam,

qayıtmaqdan danışmıram, ləngəm, astayam

Əvvəllər mən eşq qadınıydım,

sonralar eşqlə nəfəs alırdım,

indi bəlkə can üstəyəm?

Diqqətsizsən, unudubsan sözümü,-

həmin gündən daha od deyiləm,

tüstülənirəm, bir ömürlük tüstüyəm.

Elə bilirdin mən təkəm,

səninəm

gedə bilmərəm,

sənə bağlıyam,

bir ömürlük sənə aidəm,

Allah şahiddir ki, istəsən unudarsan,

axı var gözəl qadınlar dünyada,

niyə ətrafında yaradıbsan ada?

Cavab yaza bilmirəm məktubuna,

bilmirəm nə yazım, yaraşsın adına?

bircə sözüm var, —yol ver, bu qadına,

bir də məktub göndərmə onun adına…