Könül Nuriyeva - Sözlər və özümüz.

YAZARLAR 12:59 / 27.07.2026 Baxış sayı: 180

 

İnsan təkliyini sevdikdə ən əla həmsöhbətini tapır, onu adı hüzur olur. Bir də görürsən ki, insanlar sənə darıxdırıcı gəlir. Sən onların simalarına baxdığın anda, sənin haqqında beyinlərindən nə keçdiyini bilirsən. Düzdür, üzlərinə vurmursan, amma dayaz olduqları üçün səndə uzaqlaşmaq duyğusu yaranır.

Təkliyin təbliğinə qarşıyam, amma təkliyin verdiyi zövqün əla olduğunun fərqindəyəm.

Məsələn, adam ən çox özüylə baş-başa olanda ürəkdən gülür, ən ağıllı düşüncələr onda yaranır. İnanın ki: dənizin, soyuq havanın, günəşin, yağışın, çiçəklərin, yeni ilin dadını ən çox özünlə baş- başa olanda yaşayırsan. Özünlə həyatı yaşayırsan, sözün həqiqi mənasında. Başqaları ilə azca saxta olursan, özün də bilməyərəkdən.

Məsələn, üç rəfiqə əyləşmisinizsə onlardan ikisi boş-boşuna danışır və sən görürsən ki, söhbət səmimi deyil və danışmaq xatirinə söhbəti uzadırlar.

Sözlər heyif deyilmi, əzizlərim?!

Axı sözlər müqəddəsdir, niyə ondan bol-bol istifadə edib dəyərsizləşdirirsiniz?

Yaxud, bilirsən ki, bu adam sənə öz mənfəəti üçün yaxınlaşır, hər cümləsindən bəllidir. Görürsən, amma bildirmirsən. Tamaşanın sonu həmişə maraqlı olur.

Sadəcə mənim sözlərə yazığım gəlir...

Özünə verdiyin sözlər isə həmişə ucadır, zinnətdir, qiymətlidir, hətta möcüzəlidir.