Ramiz Qusarçaylı - Heyvan sevgiləri
Filin fil sevgisi,
pələngin pələng,
Heyvan sevgiləri gözəl sevgidi.
Ayrılıq yalquzaq yalnızlığıdı,
Canavar sevgisi özəl sevgidi.
Nər dəvə yanında eşi,
köşəyi
Lökləyir nəfsiylə öz arasında.
Döşəyib altına ayıdöşəyi
Ayı qoşa yatır mağarasında.
Boz qazdı qazların ən vəfalısı,
Artırar nəslini,
yoxdan var eylər.
Arada ayrılıq, ya ölüm olsa
Yaşamaz özü də…
intihar eylər.
Göyərçin sevginin ən xoş sevgisi,
Bir quşa bağlanır quş quşluğuyla.
Sığmaz xarabaya bayquş sevgisi,
Eşqini qoruyur bayquşluğuyla.
Heyrətdən bayılır arılar bir-bir,
Qönçənin dodağı yarılan kimi.
Aşiq də məşuqa sarıla bilmir
Sarmağıq budağa sarılan kimi.
Bir otla sevişir ot da,
bir otla,
Sevgisi bir otla ərsəyə gəlir.
Bəs niyə abrını itirir kütlə,-
Küt kütlə sürüylə kürsəyə gəlir...
Çal-çağır yeridi günah…xanalar,
Toyda nigah-nigah günah bağlanır.
Müqəddəs nə varsa əzir zinalar,
Hər günə ümidsiz sabah bağlanır.
Üzdə gülüş donur,
gözdən dərd yağır,
Nişana qurd düşür, toya qurd düşür.
Göyün göylüyünə
yerdən qurd yağır,
Havaya qurd düşür, suya qurd düşür.
Xeyirlər ayrılır, şərlər birləşir,
Oxşamır gölləri sona havası.
Gecə-gündüz kimi bərabərləşir
Vəfa havasıyla zina havası.
Ərdi,
ər kəlməsi adına yatmır,
Hərlənir ortada saxta kişilər.
Əllidən o yana nəfəsi çatmır
Çürüyür otuzda, qırxda kişilər...
Sevgi oyun yeri,
eşq şəhvət yeri,
Adamlar avamdı,
cəmiyyət xəstə.
Hər talaq bir elin cəhalət yeri,
Namus gora gedir vağzalı üstdə.