Məmməd Qədir - Açılmır

Ədəbiyyat 14:00 / 27.07.2026 Baxış sayı: 197

 

Yenilə bəxtimi, ay falçı qarı,

Ya təzə proqram qoy da, açılmır.

Mənim ürəyimin dərd qapıları,

Şənlikdə döyülmür, toyda açılmır.

 

Pir haqqı dirildər sevgim ölünü,

Çün həyat saymışam eşqdə ölümü,

Görən kim bağlayıb bəxtin gülünü,

Gündə sulasam da ayda açılmır.

 

Gur yansa daha tez külə dönür od,

Bəxt açan yaraya nə məlhəm, nə yod,

Hər hərbin bətninə barış qoyur kod,

Yoxdu çarpısmada fayda, açılmır.

 

Külə xidmət edən odunam, odun,

Tək məni qızdırır, odur ki odum,

İlahi bağlayan genetik kodum,

Kökümdə görünmür, soyda açılmır.

 

Nə olsun adıma qoşma piri var,

Gör ziyarət edən bircə diri var,

Bəxtimdə görünməz Allah sirri var,

Nağılda, dastanda, boyda açılmır.

 

Ağlım olsa idi çox ağlayardım,

Məmmədi özündə varaqlayardım,

Külli- kainatı qucaqlayardım,

Əllərim ürəyim boyda açılmır...