Ramiz  Qusarçaylı- Yaşıl göz yaşları

Ədəbiyyat 20:20 / 28.07.2026 Baxış sayı: 213

 

Bu sükut nə yaman durub qəsdimə,

Nə mən “zirehliyəm”,

Nə “yağı” yalın...

Yollar uşaq kimi qaçır üstümə,−

Qaçır əli yalın, ayağı yalın.

Baxdım, bu gül yolu,

bu çiçək yolu,

Düşüb ölə bilsəm bəsdimi, burda?!

Üstdə arı yolu, kəpənək yolu,

Yol basıb güllərin üstünü, burda.

Yol azan kəpənək tüldən yapışır,

Kəpənək günahı yuyulan deyil.

Güllər bir-birini öpüb yatışır,−

Güllər bu yuxudan ayılan deyil...

Sükut yelkənini sözümdən asır,

Sularda səs yarır avarın üzü.

Gətirib divarı gözümdən asır,−

Şəkildən asılan divarın üzü.

Ulduz yağışına bax,

narın-narın,

Ulduzlar yağışdan yalqız çıxacaq.

Ulduz yağışında çimən suların

İçindən işarıb ulduz çıxacaq...

Bacalar baş-başa,

çiyin-çiyinə,

Tüstülər ev boyu,

ev nələr boyu?!

Daş atıb sükutun dərinliyinə

Üzürəm yayılan çevrələr boyu.

Yollara boylanır qız ağacları,

Düşəcək sorağa, izə adamlar.

Yolları çırpacaq qoz ağacları

Yola töküləcək təzə adamlar...

Yaşıl göz yaşında islanan tənək,

Özünü ağlayan dilə dönəcək.

Gülün yarpağında ölən kəpənək

Yarpağın üstündə gülə dönəcək.

Gül gülə ötürər,

sünbül sünbülə,

Yaşıl heydən salar, al vurar məni.

Elə durulmuşam, elə yüngüləm,

Bir quş dimdiyində qaldırar məni.

Bir sükut nə yaman durub qəsdimə,

Nə mən “zirehliyəm”,

nə “yağı” yalın.

Yollar uşaq kimi qaçır üstümə, −

Qaçır əli yalın, ayağı yalın...

1995