Könül Nuriyeva - Xaotik…

Ədəbiyyat 09:31 / 29.07.2026 Baxış sayı: 495

 

Ən ağır şeirimi yazıram bu gün

bəlkə də sözlərə çalıram düyün…

İndi bir az ağrıyır başım,

ta səhərdən tutub ürəyim.

Daha təsəlli ola bilmir

Özümkü etdiyim küləyim,

mənim dediyim şəhərim…

Çox tərəddüdlüyəm,— bir şeirə yerləşərmi min illik kədərim?!

Saçlarım dağınıq, gözlərim yaşlı

ruhum çox qocalıb, heç xəbərim yox imiş,

O gün parkda bir uşaq dedi ki,—

Necə qocasan, çox yaşlısan, çox yaşlı…

Acı söz deyildi bəlkə,

amma mənə elə gəldi ki,

O uşaq deyilmiş, ürəyə tuşlanan ox imiş!

Bilmirəm ki, nə vaxt doğulmuşam,

kiməm, nəçiyəm?

Bəlkə elə anamın bətnində

mən söz dənizində boğulmuşam?

Hamımız insan ola bilmərik ki,

mən bir yol ola bilərəm,

ya da palçıqlı, tozlu bir küçə…

Niyə dərin adamlar

gündüz yox, doğulurlar gecə?!

Bir yarpaq ola bilərdim,

ağacımı Allah seçərdi.

Anam bilsəydi, bu qədər çətin olacaq həyatım,

Mənə yüngül parçadan asan don biçərdi…

Bir filmdəyəm,

Hardan bilim?

Adını da xatırlamıram ki,

onu beynimdən silim.

Rolum yoxdur, rejissor məni görməyib,

Axı bu filmin sonunda adamlar ölməliydi,

film bitdi, içi mən qarışıq niyə heç kim ölməyib?

Oynamağa səhnəm yox,

Ağ-qara film olsa da, razıydım,

Olmadısa, daha rənglisinə könlüm tox…

Misralarım dağınıq olsa, bağışla məni

əziz oxucu,

dəfələrlə demişəm, şair deyiləm.

Axı turş alça ola bilmərəm

hər fəsildə yeyiləm!

Arada fikirlərimdən verirəm ipucu.

Acı sözlər nədir ki,

mən həyatın zəhərini yemişəm!

Yadındamı?

Qəlbimin dolub-daşdığını

hansısa misramda demişəm…

Ağırlığı sevməz hər adam,

kim qaşqabaqlı insan istəyər?

Gülərüzlə yaşamaq daha çətindir

harda adamlar yoxdursa,

ora vətənimdir, məmləkətimdir…

Bəlkə də bu şeir deyil,

oxuyanlara ən sonuncu ərkimdir!

Hamı harasa tələsir bu şəhərdə,

Mən tələsənlərin yanından qaçıram.

Həmişə kilidli qalıb ürəyim mənim

Həyatımda ilk dəfə

ürəyimi şeirimə açıram!..

Kədər sözlərin qış geyimdir,

daşımaq çətin olur,

gülən adamların ömrü yağışlı olduğundan

elə hey bir kəlmə deyən kimi

gözləri dolur…

Şeirin də buludu var, göyü var

Şeirin də səsi-küyü, ünü var

İnsan taleyini kimi

hər şeirin də sonu var…

Axı çox şeyi asan etmək olardı,

Axı yağışdan əvvəl

ağlatmayasan gərək adamları

Bəlkə bu şeirim gözəl olsaydı,

Çiçəklər iki payız sonra solardı…

Niyə sayılmır ki

fəsillərin addımları?

Qara şeiri kimsə oxumaz,

ona rəngli köynək kimsə toxumaz

İlmələr istəyər səbir

Bəlkə ən qəmli şeirimzlə

özümüzə qazırıq

sözlərdən qəbir?!

Başı-ayağı bilinmir bu sətirlərin,

adamlar gedəndə,

nə üçünsə unudurlar qoxuların, ətirlərin…

İlk dəfə kitabda ilk şeiri görəndə

yazmağı anası bilmişdim mətinlərin…

Ömürdür, yaşamışam, getməliyəm də

ətrafdakı səsləri bir şeirdə qoymalı,

yoxsa gözdən sakitcə itməliyəm də?!

Nə olsun nağıl deyil,

onu bitirə bilərəmmi almalı?

Xaotik, qarışıq, baş-ayaqlı

bu şeirin atası mənəm,

qoy özünü bilsin arxa-dayaqlı!

Qızı evdə qalmış analar kimi

bu şeirimə axtarıram adaxlı…

Nə edim?

Adamlar sıxır canımı,

mən təkliyimə əbədi qonağam.

İçməmişəm, deyiləm sərxoş

amma yüksək keyfiyyətli arağam.

Başı hərlətmirəm, edirəm azca meyxoş!

Adamları istəməsəm də görürəm,

Onlardan silinənlər siyahısı hörürəm…

Heç bilmədim ki,

adamsızlıq gətirdimi sonumu?

Bəlkə bu şeir də bir adamdır,

görəsən hansıdır, odurmu, budurmu?

Adamlar ömrümüzə zəncirdimi?

doğulandan ölənədək yaşanan hər gün

çox su aparacaq xəmirdimi?

Görəsən, tək yaşayanlar özlərini alışdıran təndirmi?

Bir kəpənək bir şeiri bəzəyərdi bəlkə

Bir çiçək olmalıydı bu şeirdə

Daha qafiyələr alınmaz, səncə?

Əlimdən düşən sonuncu tikə

Daha bağlayım ürəyimi

İstəsə oxucu bu şeiri qatlaya, bükə

lavaşa bir tikə kabab kimi.

Gələcəyindən xəbərsiz balaca uşaq

Bir şeir olmağı yəqin istəməz!

Özü olmayan, saxta adamlar

Nə özlərini,

nə də şeirləri addımbaşı izləməz…

Səsini asta etsən, səni eşidər yarpaqlar

sən yazıbsan deyə, sözlərini meyvə bilər ağaclar.

Bu dünyada gördüyün nə varsa

onları şeirə gətirsəm

Görəsən, oxucu çoxmu acıqlanar?

Xəstəyəm, məlhəmim ağac

Görəsən, şeirimin qəzası neçə rükət olacaq?

Əgər itsəm yarpaqların içində

Əminəm ki, sözlər məni tapacaq…

Mən fərsizəm, başqa iş bacarmıram

Yazmağı bilirəm, ancaq…

Amma bilmirəm nədənsə,

hər şeirdən sonra oluram utancaq…