BİR KƏND MƏKTƏBİNDƏ - Bəxtiyar Vahabzadə
Görkəmli padaqoq və ictimai xadim
Görkəmli Azərbaycan pedaqoqu, maarif və ictimai xadim Heybət Məzi oğlu Şikarovun (1921–1998) indiki və gələcək nəsillərə örnək ola biləcək zəngin həyat və fəaliyyəti olmuşdur. O, 1921-ci il aprelin 18-də Şamaxının Təklə kəndində anadan olmuş, Quba Kənd Təsərrüfatı Texnikumunu və Azərbaycan Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirmişdir.
Gənc yaşlarında könüllü olaraq Sovet Ordusu sıralarına qoşulan Heybət müəllim Böyük Vətən Müharibəsində iştirak etmişdir. Alman faşistlərinə qarşı döyüşlərdə yaralanaraq əsir düşmüş; Maqdenburq, Düseldorf və Rudolfştadt həbs düşərgələrinin dəhşətlərini yaşamışdır. O, həbs düşərgələrində belə Vətətinə sədaqət nümunəsi göstərərək gizli antifaşist hərəkatının fəal üzvü olmuşdur. Rur daş kömür hövzəsi şaxtalarında məcburi əməyə cəlb olunan mətin insan oradan qaçmağı bacarmış və böyük çətinliklərdən sonra Vətənə qayıda bilmişdir.
Heybət müəllim bütün ömrünü gənc nəslin təhsilinə və cəmiyyətin maariflənməsinə həsr etmişdi. 1957-ci ildə Şamaxının Təklə (Leninabad) kənd məktəbinə direktor təyin edilən zaman qısa müddətdə təhsil ocağına orta məktəb statusu qazandırmışdır. Məktəbə elektrik stansiyası və televizor kimi o dövr üçün möcüzə sayılan yeniliklər gətirərək onu regionun mədəniyyət mərkəzinə çevirmişdi.
1958-ci ildə rayonun ən geridə qalmış kolxozuna sədr təyin olunan Heybət müəllim dürüstlüyü və qətiyyəti sayəsində təsərrüfatı respublikanın qabaqcıl müəssisələrindən birinə yüksəltmişdi. Lakin ikiüzlülüyə və əliəyriliyə qarşı barışmaz mövqeyi, ədalətsiz şərləmələr onun 1962-ci ildə həbs olunmasına səbəb olmuşdur. Sonradan ona bəraət verilmiş və o, yenidən pedaqoji fəaliyyətə qayıtmışdır.
1968-ci ildən yenidən Təklə məktəbinə rəhbərlik edən pedaqoqun yaratdığı nümunəvi təhsil ocağı keçmiş SSRI miqyasında tanınmışdı. Bəxtiyar Vahabzadə, Məmməd Araz, Anar, Əzizə Cəfərzadə və Xudu Məmmədov kimi görkəmli ziyalılar bu məktəbin qonağı olmuşdur. Əfsanəvi sərkərdə, 4 dəfə Sovet İttifaqı Qəhrəmanı, Sovet İttifaqı Marşalı Georgi Jukov məktəbə öz kitabını göndərmişdi.
"Bütün ömrünü insanların maariflənməsinə, halal zəhmətlə qayğısız yaşamasına həsr etmiş görkəmli pedaqoq və məğrur insan olan Heybət müəllim Şikarov 1998-ci il fevralın 28-də dünyasını dəyişmişdir."
Mən 2020-ci ildə bu nadir insan barədə “Ədalət” qəzetində “Görkəmli pedaqoq, məğrur insan” adlı məqalə çap etdirmişdim. Bu yaxınlarda Heybət müəllimin nəticəsi Hüseynin mənə təqdim etdiyi, böyük şairimiz Bəxtiyar Vahabzadənin 1970-ci ildə o zaman Azərbaycan mətbuatının ən tanınmış orqanı olan “Kommunist” qəzetində dərc olunmuş “Bir kənd məktəbində” adlı yazısı məncə, bu gün də çox aktualdır.
Ağamahmud Səmədov
“Yer və İnsan " jurnalının redaktoru
BİR KƏND MƏKTƏBİNDƏ
Alim dostum Xudu Məmmədovla Göyçaydan gəlirdik. Şamaxıdan ötdük, Leninabad kəndinin yanından keçdiyimiz zaman bu kənddə yaşayan Əlibala Zərbəliyev yadıma düşdü. Onun haqqında şirin-şirin danışmağa başladıq. Əlibala kənddəki “Günəşli” sovxozunun zootexnikidir. Cavandır. Şeirin, sənətin divanəsidir. Ədəbiyyatımızda yeni yaranan əsərlər haqqında, yazılarım haqqında öz mülahizələrini mənə tez-tez yazır. Suallar verir. Müasir dünyamızın hadisələri ilə yaşayır. Bu hadisələrin ədəbiyyatdakı əksini izləyir. Bir sözlə, tam mənada müasir adamdır. Bütün bunlara görə də onu görmədən kəndin yanından ötə bilmədim. Kəndə burulduq. Kəndin girəcəyində məktəbi görüb dayandıq. Məktəbə girdik. Dəhlizdə məktəbin direktoru Heybət Şikarovla qarşılaşdıq. Məktəblə tanış olmaq istəyimizi bildirdik. Sevindi. Kimya laboratoriyasına, emalatxanaya, sinif otaqlarına, məktəbin səliqə-sahmanına baxdıq, fərəhdən ürəyimiz dağa döndü.
Məktəbdə gördüyümüz hər şey gözəl idi. Ancaq kənd və rayon məktəblərimizin heç birində görmədiyimiz üç məsələ bizi daha artıq fərəhləndirdi. Bunlardan birincisi, məktəbin yanında təşkil olunan ölkəşünaslıq muzeyidir. Məktəb o qədər də geniş deyil. Sinif otaqları çatışmır. Buna baxmayaraq, məktəbin direktoru bu muzeyin təşkilini vacib saymış, sinif otaqlarından birini bu iş üçün ayırmışdır. Bu balaca muzeydə eksponatlar dövrlərə və məzmuna görə təsnifləşdirilmişdir.
- Bəs bu eksponatlar haradan toplanmışdır?
- Kəndin özündən.
- Kim toplamışdır?
- Tarix müəlliminin rəhbərliyi ilə şagirdlər.
Həftənin müəyyən günləri tarix müəllimi yuxarı sinif şagirdləri ilə bərabər kəndin ətrafında qazıntı işləri aparır və buradan tapılanlar - tariximizin müxtəlif dövrlərinə aid müxtəlif ölçülü küplər, pullar, bəzək, zinət şeyləri, döyüş və məişət ləvazimatı (qara çıraq, oraq, qılınc, qalxan, zindan, xış) muzeyə gətirilir.
Bu tapıntıların hansı dövrə aid olduğu hələ dəqiq müəyyənləşdirilməmişdir. Eksponatlar hələlik təxmini olaraq təsnifləşdirilmişdir. Təəssüf ki, bu vaxta qədər bizim dövlət tarix muzeyinin bunlardan xəbəri yoxdur. Dövlət tarix muzeyində gördüyümüz qədim və maraqlı tapıntılar bizi o qədər də heyrətləndirmir. Çünki bu, muzeyin bilavasitə öz vəzifəsidir. Bizi heyrətləndirən məktəbin təşəbbüsüdür. Əsl tapıntı budur! Eksponatlara baxdıqca fərəhdən nə edəcəyimizi bilmirdik.
Xudu Məmmədov qulağıma pıçıldadı:
- Bax, budur əsl vətəndaşlıq! Bu barədə yazmalısan!
Mən fikirləşirdim. Həmin muzeyi təşkil etməyə bu adamları məcbur edən nədir? Bu fikir ürəyimdən keçən kimi “məcburiyyət” sözünə gülməyim tutdu, axı, “məcburiyyət” sözü borc və vətəndaşlıq sözlərinin qarşısında nə qədər gülməli görünür. Vətənini, xalqını sevən adam üçün nə məcburiyyət? Bu gözəl təşəbbüsü məktəbin müəllim heyətinə pıçıldayan onların vətəndaşlıq hissi deyilmi? Bu hiss varsa, hər şey var. Bu hiss yoxsa, hansı sənətin sahibi olursa-olsun, o adam quru icraçıdan başqa bir şey deyildir.
Bu məktəbin müəllimləri də icraçı kimi proqram əsasında dərs deməklə vəzifələrini bitmiş hesab edə bilərdilər və heç kəs də onları təşəbbüssüzlükdə təqsirləndirə bilməzdi.
Yeri gəlmişkən, onu da deyim ki, müəllimlərin bir qismi dərs proqramının və metodikanın əsiri olur. Belələri proqramdan bir addım da kənara çıxmağı nöqsan sayır. Əlbəttə, metodikanı bilmək və proqramı əsas tutmaq lazımdır. Lakin, mən deyərdim ki, hər dərsin öz ab-havası, öz xüsusiyyəti olur. Müəllim dərhal o ab-havanı tutmalı və dərsini o kök üstə kökləməyi bacarmalıdır. Hər dərs, dərsin özündə yaranmalıdır. Burada əvvəlcədən müəyyən olunmuş rels üstündə getmək olmaz. Müəllim dərsin yaradıcısıdır, hakimidir. Əks təqdirdə, dərs standart və cansıxıcı olar? Müəllimin yaradıcı təşəbbüsü özünü göstərməz.
Təşəbbüs sözünün kökü ürəyə bağlıdır. Ürəyində böyük duyğular olmayan adamdan heç bir böyük əməl də gözləmək olmaz.
Müəllim heyətinin ikinci təşəbbüsü məktəb çərçivəsindən kənara çıxır, daha böyük ictimai məzmun alır. İki il bundan əvvəl kollektiv bu qərara gəlir ki, şagirdlərin qüvvəsi ilə məktəbin nəbatat bağında bir abidə ucaltsın: naməlum əsgərin abidəsini! Bunu həyata keçirmək üçün istirahət günləri şagirdlər “Günəşli” sovxozunda işləyirlər. Onların qazancı toplanır, Bakı memarlıq emalatxanasının hesabına keçirilir. Heykəltəraşlar ömrünü Vətənə qurban verən azərbaycanlı əsgərin gözəl bir abidəsini yaradırlar. Abidənin əsasına həmin kənddən Vətən müharibəsində həlak olan döyüşçülərin şəkilləri həkk edilir. Onun düz ortasında isə seyfə bənzər bir dolab düzəltmişlər. Həmin dolabda şəkilləri divara həkk edilən şəhidlərin məktubları və qısa tərcümeyi-halları saxlanılır. Şəkillərin birinin altında iki sətir şeir yazılmışdır:
Ey Vətən, şirinsən baldan, şəkərdən
Əyilib öpəydim o doğma yerdən.
Mən şeirin müəllifini xəbər aldım.
- 20 yaşında şəhid olmuş leytenant Balabəy Məmmədovun “Xəyal” adlı şeirindədir, - deyə cavab verdilər. Bundan sonra Heybət müəllim şeiri bütünlüklə əzbərdən dedi. Şeir, həqiqətən, o zaman üçün xəyal idi. Bu gün isə həmin döyüşçünün xəyalı həqiqət olmuşdur.
Əsgər o zaman arzulamışdır ki, kəndlərinin ətrafında üzüm bağları salınsın, bu gün həmin yerdə “Günəşli” sovxozunun üzüm tənəkləri sıralanmışdır.
Söhbətin şirin yerində birdən abidənin başından asılmış zəng cingilti ilə səsləndi. Məktəbin həyətində oynayan uşaqlar siniflərə doluşdular.
Təəccüb etdik. Məlum oldu ki, məktəbin zəngi abidənin başından asılmış zənglə calaşdırılmışdır. Belə ki, məktəbin zəngi çalınanda, abidənin zəngi də səslənir. Zəng səsləri ilə, elə bil, məktəb, 26-27 il bundan əvvəl onun yolunda həlak olmuş keçmiş şagirdlərini də dərsə çağırır. Axı, o cavanların ömürləri kimi, təhsilləri də yarımçıq qalmışdır. Yox, bəlkə də, indi məktəb bu zəng səsləri ilə keçmiş şagirdlərinin ruhuna xatirə nəğməsi oxuyur.
Gözlərimizin yaşını silib, iftixarla məktəbə baxdıq. Bir anlığa bizə elə gəldi ki, Vətəndən çox-çox uzaqlarda həlak olmuş bu igidlər yenə bizimlədirlər. Bax, indicə o şəhidlər, siniflərə doluşan uşaqlarla bərabər müəllimlərin dərsinə qulaq asmağa getdilər...
Ey Vətən yolunda haraysız, səssiz
Ölən ərənlər!
Siz ey təmənnasız, qəsdsiz, qərəzsiz
Canını bizlərə qurban verənlər,
Eşq olsun sizə!
Eşq olsun o polad iradənizə!
Məktəbin üçüncü təşəbbüsü. Keçən il həmin bu məktəbi bitirənlər şagirdlər üçün emalatxana tikiblər, builki müdavimlər isə məktəbdə idman salonu tikməyi qərara almışlar. Beləliklə, hər buraxılışın məktəb üçün bir yadigar qoyub getməsi artıq bir ənənəyə çevrilmişdir. Bütün bunlardan sonra Heybət müəllim üzünü bizə tutub dedi:
- Sonra elə bilərsiniz ki, başımız belə işlərə qarışıb, təhsil işləri...
Bu yerdə Xudu Məmmədov onun sözünü kəsdi:
- Yox, elə fikirləşmirik. Bu işlərin özü də təhsil üçündür...
Həqiqətdə də, belədir. Ölkəşünaslıq muzeyi təhsil üçündür, - desək, çox az olar. Əgər tarix müəllimi Vətənimizin başına gətirilən müsibətlərdən, bu müsibətlərə qarşı xalqın üsyanından soyuq rəqəmlər əsasında danışırsa, muzey balalarımıza, Vətənimizi candan əziz tutan babalarımızın ayaq izlərini göstərir.
Muzey özümüzü özümüzə tanıdır.
Şəhidlər üçün tikilən abidə isə balalarımıza nə üçün yaşayıb, nəyin uğrunda ölmək dərsini öyrədir. Cəsarətlə deyə bilərik ki, abidənin verdiyi dərs sinifdəki dərsdən daha tutarlı və daha mənalıdır. Abidə bir də balalarımıza onu öyrədir ki, qəhrəmanlar fövqəladə məxluq olmurlar. Onlar bizim öz içimizdən çıxırlar. Uşaq inanır ki, kənddə hər gün gördüyü qoca Məmməd kişinin oğlu, indi isə qəhrəman kimi tanınan Balabəy neçə il bundan əvvəl onun kimi adi bir uşaq olmuş, onun oxuduğu məktəbdə oxumuş, bəlkə də, bu gün onun əyləşdiyi partada əyləşmişdir. Uşaq inanır ki, qəhrəmanlığa gedən yol onun əyləşdiyi partadan başlayır. Təhsil və tərbiyə üçün bundan böyük əyanilik ola bilərmi?!
Nəhayət, məktəb üçün emalatxana və idman salonu tikmək balalarımızı ictimai əməyə həvəsləndirir. Soruşulur, həmin emalatxanadan onu tikənlər istifadə edəcəklərmi? Yox! Bəs nəyə görə tikmişlər? Özlərindən sonra gələnlər üçün. Məşhur atalar sözü yada düşür: “Əkiblər, yemişik, əkirik yesinlər”. Eşq olsun, xalqımızın təbiətindəki bu yüksəkliyə, bu böyük hissə! Eşq olsun, bu ənənəni qoyanlara və davam etdirənlərə! Nəhayət, eşq olsun, bu ictimai duyğuya!
Elə buna görədir ki, bu məktəbdə təhsil işləri də yaxşı qurulmuşdur. IX sinifdə ədəbiyyat dərsinə qulaq asdıq. Ata-baba müəllimin dərsindən razı qaldıq. Məktəbdə təhsil işlərinin yaxşı qurulduğunu göstərmək üçün təkcə bunu demək kifayətdir ki, keçən il həmin məktəbi qurtaranlardan 16 nəfəri ali məktəblərə, 6 nəfəri isə texnikumlara daxil ola bilmişdir.
Gördüklərimdən belə bir nəticəyə gəldim: istəsək, hər şey edə bilərik! Buna görə də üzümü respublikanın bütün kənd məktəblərinin rəhbərlərinə tutub deyirəm: haqqında danışdığım məktəbdən örnək götürün!
Bəxtiyar Vahabzadə
1970.