ÖMÜR KARVAN YOLU- ƏBÜLFƏT MƏDƏTOĞLU YAZIR…
Deyənlər belə deyib...
Bilmirəm nağıllardanmı, dastanlardanmı yadımda qalıb. Amma indiki məqamda harda necə yadımda qalmağı önəmli deyil. Önəmli olan odur ki, bu ifadə yadımda qalmaqla həm də həyatımda öz təsdiqini tapıb. İndi yüzə-yüz əminəm ki, həqiqətən ömür karvan yoludur. Başlanğıcdan üzü sona doğru yol gedir. Bu yolda hər şey var. Özü də istəkdən arzudan aslı olmayaraq həm də tövbə yeri də var, ziyarətgah da var. Sadəcə ağlınla ürəyin, ruhunla cismin bir olanda nəyin harda olduğunu dərhal görürsən, qiymətləndirirsən. Əks təqdirdə bu yolu elə görməzdən keçirsən. Onda ayılırsan ki, basin üstündə fırlanan xəlbir səni çox şeyllərdən uzaq tutub. Dözülməzdi uzaqlıq... Təbii ki, yaxınlıq olan yerdə!
Mən bəzən özüm- özümlə danışanda yoruluram. Çünki cavabını təxmini bildiyim sualları özümə verirəm. Bu da mənim üçün maraqsız olur. Amma neyləyim ki, bir şeirdə yazdığım kimi:
Şəhər dolu adamdır,
Danışmağa kimsə yox!..
Bəli , mən ona görə yoruluram ki, bu ömür mənasızlaşır. Dəyərdən düşən pul kimi bazar-dükanda da, yolda-izdə də , evdə- işdə də, qısacası olduğum hər yerdə sıradandır- ola da bilər, olmaya da bilər! Ən dəhşətlisi odur ki, olanda xatırlanmadığı kimi , olmayanda da xəyala, yuxuya da gəlməyəcək. Ola bilsin ki, arxivlərdə də ona yer tapılmayacaq. Çünki, özündə heç nəyi ehtifa etmir. Bilirsiniz niyə?Ona görə ki, bu ümidsiz boş, bozbulanlıq , güvənsiz bir ömürdür. Hansı səviyyədə adamı olur olsun , özlüyündə heç nədir. Bu heçliyin yaşatdığı ümidsizlik göydən gəlmir, yerdə cücərmək üçün torpaq tapmır, şərait qazana bilmir. Həm arzuedilməzdir, yəni əl-ayağa dolaşandır, həm də bu ömrün aid olduğu Allah bəndəsi öz var olması ilə digərlərinə sıxıntı yaşadır. Sıxıntı sevməyənlər də, problem görmək istəməyənlər də ellikcə tapdalayıb keçir bu ömrü- bu adamı. Doğrudur, hərdən “insaf” deyilən kirpiklərini çırpır. Əsnəyə- əsnəyə baxır bu ömrə tərəf. Və yenə gedir mürgüyə.
İş qalır yenə bu ömrün öz gücünə, öz dizlərinə, öz əl-qoluna. Nəysə…
Bəlkə də bir az filosofluq etdim. Amma əsl həqiqətdə bu ömrün yozumu, mənası özü bunu diqtə edir. Elə bilməyin ki, mən nostalji hislərin burulğanından çıxa bilmirəm. Xeyr, bu belə deyil. Dünənin öz yeri, öz sözü, öz tələbi olub. Bu günün də öz yeri, öz sözü , öz tələbi var. Bunları birləşdirən isə ömrə, insana veriləm qiymətdir. Təəssüf ki, dünən az-çox hörməti olan insan bu gün elə- belə… Yəqin ki anladınız. Ən vacibi :
Cibimdə durumum üşüyür-
Utanır əlimdən…
Cismimdə qürurum üşüyür-
Utanır ölümdən…
Üzümdə təəbəssüm ərimir
Gözümdə kədərim kirimir,
Ümid də yanaşı yerimir -
Utanır gülümdən.
Səssiz üyünür dözümüm,
Tapa da bilmirəm çözümün.
Ta duzu da qaçıb sözümün-
Utanır dilimdən!..
Bu gerçəkliyin içində əriyən ömürün, tapdalanan torpağın bir- birinə nə verib, nə aldığını, bir- birinin gözünün içinə necə baxdığını təsəvvür edirsinizmi?!. Əgər bilrisinizə, nə xoş sizə. Əgər bilmirsinizsə, onda nə xoş mənasız ömrün özünə , tapdalanan torpağa…
Çox vaxt dostlarım mənim pessimistlikdə, kədərə qucaq açıb, gəlməyəndə də gedib onu axtarmaqda qınayırlar. Anlayıram onları ... insan bir varlıq olaraq şuxluğu , ovqatı xoş edən məqamları qabartmağı bacarmalıdır. Ən azından çevrəsinin xatirinə, ətrafdakıların durumunu nəzərə almaqla. Lakin… Amma… Ancaq özünü nəyəsə məcbur etmək olmur. İçdən gəlməyəni ürəyin parçası kimi təqdim etmək alınmır. Vallah- billah alınmır!!! Ha deyirlər ki, " özün üçün ovqat yarat, xəyal qur, bəhanə uydur. Özünü xoşbəxtlər sırasında görməsən də , məhəlləsində, şəhərində, ölkəsində təsəvvür elə. Qur da, bu zəhrimar xəyalı qur”
Və yaz ki:
Çəkisi artıbdır kirpiklərimin,
Çırpıb tökməliyəm nəmi üstündən…
Duasın edərək sevdiklərimin,
Silib ötməliyəm qəmin üstündən.
Yolu doğramadan, kəsələmədən
Ayaq da qoymadan izin üstündən.
Ruhu oyatmadan, səs eləmədən,
Öpüb qaldıracam dizin üstündən.
Adı söyləmədən- pıçıldamadan,
Gözlə götürəcəm sözün üstündən.
Həmişəyaşıl tək puçrulamadan -
Kölgətək keçəcəm közün, üstündən.
Görüş sevincinin iki damlasın,
Dodaqla siləcəm üzün üstündən.
Süz, fikrin çəkdiyim qəmdə qalmasın,
Bundan şirin nə var, yüzün , üstündən?!
Hə, mənə elə gəlir ki, bu sağlıq yerində deyildi. Ən azından bu “100 qram” bir az başımı dumanlandırar, bir az altdan- üstdən məni sixan yerlə göyün məngənəsində nəfəs almaq imkanım olar. Görürsünüzmü özümə nə ilə təsəlli verdim. Bir hovur nəfəslə!!!
Deməli, bir karvan yolu olan ömür elə bir hovur nəfəslik yoldur. Mən də sarvanının QƏDƏR, yolunun eni- boyu bilinməyən karvanda müsafirəm, yolçuyam. Hər bir halda bu karvandayam. İstəsəniz arxamca su atın, istəsəniz daş…
Amma çox istərdim ki, bu yolda bir çimdik torpaq olaydım kaş … O yolun çala-çuxuruna sıpilmək üçün…