Sona  Vəliyeva - GÖYDƏN ÜÇ ALMA DÜŞƏR

Ədəbiyyat 11:35 / 31.07.2026 Baxış sayı: 547

Uşaqlıqdan gözlədiyim,

nağıllarda,

göydən düşəcək

üç almanın sehri

bitmir ki, bitmir...

Gözüm baxa-baxa

möcüzə baş verər,

göyün yeddinci qatından

üç alma düşər ovcuma...

Səssiz, sözsüz

üz-üzə, göz-gözə durarıq.

Sükut doğmalıq yaradar,

nağıllı almalarla

aramızda...

Sonra könül tənhalığından,

arzulardan,

bir az həsrət,

bir az giley dolu,

ömür nağılı uydurub

danışaram

həm almalara,

həm özümə...

Nağılın qəmli yerində

hönkürtüylə ağlaram,

sonra da

qəhqəhə çəkərəm,

gülərəm:

“Alma adammı, doğmanmı

dərdləşirsən belə?”

– deyərəm...

Qəfil işıq seli

üstümə düşər...

Göyün alma bağları

silkələnər, deyəsən...

YERƏ

yalnız ucu düşər.

Gecə-gecə göy üzü,

alma-alma qızarar,

qəfil buludlar alma dadında

yağış yağdırar.

Alma göydən gələn

arzu, ümid, həsrət

kölgəsimi,

yoxsa ürəyimdə nağıllaşan

arzuların alma şəklimi?

Bəlkə də üç alma

göylərin üç qatının

müjdəsi,

həqiqətin, heyrətin,

sevginin yanar ocağında

közərən dərdlərin ücləşməsi...

Tanrı qismətim, zəhmətim,

sevgim, mərhəmətim,

alma gözəlliyiylə

çəkib apardı məni

körpəliyimə,

atalı, analı ömrümə...

Alma arzuların,

istəyin rəngi,

alma cənnət meyvəsi...

Göy üzünün yeddi qatından

alma şəkilli

qapılar tayba-tay açılar,

dualarımın zəngindən...

Yaxşılıqların

yozulub, yoğrulan yerindən

görərəm

sıra-sıra

alma ağacları

boy verib,

hərəsində üç alma,

ömür, yaşam, ölüm,

günah, səvab, tamah,

tövbələr, dualar, göz yaşı,

ümidlər, həsrətlər,

gecikən, tələsən,

deyilib, deyilməyən

nələr, nələr...

Həm ömrümüzün

həm ağacın

budaqlarını əyər...

Həqiqətlərdən

Alma düzümlü yollar açılar,

keçmiş, gələcək,

bu gün

alma-alma sıralanar...

Göydən üç alma düşər,

Uydurduğum, gözlədiyim

nağılıma...

Qıpqırmızı almalar

nur səpər,

Tanrıya gedən

Yoluma

üz tuturam göylərə,

alma payı göndərənə...

Şükür, Rəbbim

sənə dönən,

mənə göndərilən

almalı yoluna.

Şükür,

Yaxşılıqlardan, əməllərdən

qayıdan

ömür taleyimə,

alma gözəlliyinə,

nağıl payıma!