Adilə Nəzər - Eldost Bayramın səsi
(Eldost Bayramın 80 illik yubileyinə)
Qiraət edir Eldost, məni tutubdu səsi,
Bülbüllər gül üstündə sanki eyləyir bəhsi.
Göylərə əlin açır, Tanrı verib nəfəsi,
Şeirdir, musiqidir – sənətinin qibləsi!
Səsində ulu yurdun ahəngini duyuram,
Əlimdə nə işim var, bir kənara qoyuram.
Xəyallar aləminə bircə anlıq uyuram,
Xəyaldır, möcüzədir Eldost Bayramın səsi.
Sözə ruh bəxş eyləyir, hər misrada canlanır,
Hər bir kəlmə səsində dəyişir, cilalanır.
Sanki bir bulaq axır, eşidən xumarlanır,
Beləcə məst eyləyir Eldost Bayram hər kəsi.
Onun səsi can verir neçə ölməz misraya,
Ayın nuru süzülür səsindəki sədaya,
Ucaldır söz mülkünü, döndərir bir saraya,
Dinləyən hər bir kəsin o an artır nəşəsi.
Nur tökülür hər zaman danışanda sözündən,
Heç nə yayına bilməz Adilənin gözündən!
Şeir deyir, ya qəzəl, musiqisi özündən,
Səsindəki notlara yazır sevgi nəğməsi.
Şeirdir, musiqidir Eldost Bayramın səsi!
29.07.2026