Sabir Zəkullaoğlu - Ən çətin iş öyrəşmək, aludə olmaqdır.
Ən çətin iş öyrəşmək, aludə olmaqdır.
Saatım evdə qalıb, elə bilirəm sol qolum evdə qalıb.
Nə işə fokuslana bilirəm, nə gücə...
Bu hiss bütün müstəvilərdə keçərlidir.
Götürək elə sevgini ; əvvəlcə dəlicəsinə sevirsən, sonra öyrəşirsən, daha sonra da sevdiyinə aludə olursan.
Bax bütün dava dalaşlar bundan sonra başlayır.
Nə əl çəkə bilirsən, nə də əlini.
Ancaq yenə də zaman. Zamanla hər şey yoluna düşür. Bəlkə də zaman həyatımızın ölçü meyyyarı olduğu üçün, şüuraltı olaraq saata bu qədər bağlıyam.
Saata taxmağa olan sevgim də burdan qaynaqlanır yəqin ki.
Saat mənə təkcə günün hansı vaxtı olduğunu yox, həm də ömrümdən neçə saat getdiyin xatırladır. Həm də saatbasaat.
Saat həm də insana dəqiqliyi, punktuallığı öyrədir. Mən də buna önəm verirəm. Ancaq nə qədır punktuallığa üstünlük versəm də, bir o qədər də səpələnmiş, tör tpküntü adamam.
Şair necə deyirdi :
" Sənli xatirələr dağılıb evə,
Bağışla otağım tör-töküntüdür.."
Bu heç də məsuliyyətsizlik deyil. Bu sadəcə zaman-zaman özünü buraxmaq, öz ömründən zamanı çalmaqdır.
Zamanın bütün anlarını qolundakı saat kimi sol yanında duranın varsa xoşbəxtsən.
Eybi yox, lap alışmaq, aludəçilik olsun. Yetər ki saat kimi düz olsun. Səninlə, sənin saatın və zamanınla eyni istiqamətdə dövr eləsin.
İnsanın yanındakı onun şəxsiyyət vəsiqəsidir.
Doğrudur, dövlət də hər kəsə şəxsiyyət vəsiqəsi verir, dövlət üçün heç də maraqlı deyil şəxsiyyət vəsiqəsi verdiyi adamın şəxsiyyəti var ya yox.
Ancaq "insanın yanındakı onun şəxsiyyət vısiqəsidir" dediyim status çox yüksək bir məqamdır.
Bu vəsiqə daha böyük imtiyazları, məsuliyyəti, güvəni, etibarı, sədaqəti özündə ehtiva edir.
Əsas o vəsiqənin etibarlı, müddətsiz və saatla eyni harmoniyada olmasıdır.
Calışın bir yanınız boş qalmasın