Bəhram Bilaloğlu -Çıraqçı

YAZARLAR 10:32 / 03.08.2026 Baxış sayı: 2181

Bir kənddə qədim bir çıraqçı yaşayırdı. Ömrü boyu insanların yolunu işıqlandırmışdı. Heç kimdən nə şöhrət ummuşdu, nə də alqış. Onun inancı bir idi:

"Bildiyini gizlədən işığını söndürər."*

Bir gün qapısını tanımadığı bir adam döydü.

– Mənə yol göstər, – dedi. – Elə bir iş görmək istəyirəm ki, heç kimin haqqına girməyim.

Çıraqçı bildiyi hər şeyi danışdı. Hansı qapının necə açıldığını, hansı yolun çıxılmaz olduğunu, hansı addımın insanı ucaldacağını bir-bir söylədi. Düşündü ki, xeyir paylaşdıqca çoxalar.

Bir neçə gün sonra həmin adam öz nümayəndəsini göndərdi. Çıraqçı onu hörmətlə qarşıladı. Çünki onun gözündə qonaq Allah əmanəti idi.

Amma qaranlıq həmişə işığın arxasınca gəzər deyə düşünürdü.

Bir salam, bir görüş, bir qarşılanma dillərdə başqa rəng aldı. Sözlər böyüdü, həqiqət isə kiçildi. Niyyət soruşulmadı, hökm verildi.

Günlərin birində həmin adam yenidən gəldi. Bu dəfə üzündə minnətdarlıq yox idi.

– Sənin işdən ayrılmağın daha doğru olar.

Cümlə qısa idi, amma illərin zəhmətini içində daşıyırdı.

Çıraqçı heç nə demədi. Çünki bilirdi ki, özünü hər kəsə izah etməyə çalışan adam axırda həqiqəti yox, yorğunluğunu sübut edir.

Bir müddət sonra onun yerində başqaları işləməyə başladı. Dünən məsləhət istəyən adam bu gün istədiyinə çatmışdı. Dünən yolu soruşan bu gün yolu sahiblənmişdi.

Çıraqçı isə başqa bir yerdə, əvvəlkindən də az maaşa işləyirdi. Hər səhər ailəsinin ruzisi üçün yola çıxır, hər axşam yorğun çiyinləri ilə geri dönürdü. Maaşı azalmışdı, amma ən ağır yük cibində deyildi.

Ən ağır yük ürəyində idi.

Çünki insanı yoxsulluqdan əvvəl dəyərsiz sayılmaq yorur.

Bəzən çörək azlığı insanı sındırmır. Bir "sağ ol"un, bir "haqqını halal et" sözünün olmaması sındırır.

Bir axşam yol kənarında qurumuş bir ağacın altında dayandı. Ağacın budaqlarına baxdı. Nə kölgəsi qalmışdı, nə meyvəsi.

Elə bu zaman külək yarpaqsız budaqları dilləndirdi:

"İnsanlar çox vaxt meyvənin dadını sevir, kökün çəkdiyi əziyyəti yox."

Çıraqçı gözlərini yumdu. O an anladı ki, dünyanın tərəzisi həmişə haqqı ölçmür. Bəzən mənfəəti ağır gələn gözlər vicdanı görə bilmir.

Amma başqa bir tərəzi də var.

Orada salam qarşılığında ittiham yazılmır.

Orada səmimiyyət zəiflik hesab edilmir.

Orada zəhmətin qiyməti maaşla deyil, niyyətlə ölçülür.

Həmin gündən sonra çıraqçı heç kimə kin saxlamadı. Çünki bildi ki, kin insanın içində yanan elə bir oddur ki, əvvəl sahibini yandırır.

O yenə də bildiyini paylaşdı, yenə də insanlara yol göstərdi. Tək bir fərqlə...

Artıq mükafatını insanlardan gözləmirdi.

Çünki öyrənmişdi: