İYUL  ŞEİRLƏRİ - Əbülfət Mədətoğlu

Ədəbiyyat 12:35 / 14.09.2026 Baxış sayı: 650

Yaşadığım soyuqluq

Elə soyuq dindirdin

Bu pıçıltı yad gəldi...

Dilinə nə həmin söz,

Nə də həmin ad gəldi...

Pıçıltın uzaq qütbün

Buz qatından sızırdı...

Bu sızıltı qəlbimi -

Neştər kimi cızırdı...

İçimdəki od-alov,

Buza, suya dönürdü ...

Demək istədiklərim -

Dodağımda sönürdü!...

Fəhm edə də bilmirdim

Günahını bu anın?!.

Donurdum soyuqluqdan -

Açıq, aşkar inanın!

Hələ də yan baxıram -

Buza, soyuq suya da ...

Qəlbim bükülü qalıb -

Buz adlı mumuyada!..

 

Niyyət

 

Niyyət tutmuşam gecəni

Yatmağa, qoymayacam mən.

Sənin adına dualar -

Etməkdən , doymayacam mən!

Demirəm ulduzlar qədər

Bəlkə ondan bir az da çox!

Rəqəm söyləmirəm hədər -

Səni sevmişəm gözü tox!!

Mənim niyyətim gecəni -

Səninçün oyaq tutmaqdı...

Bir də ki, olub keçəni -

Bu həsrəti unutmaqdı!

 

 

 

 

Bir gilə ümid ...

Bax gör, yaraşırmı bu qəm -

Mübarək! - söylə geyinim.

Bir az üşüyən kimiyəm -

Geyinsəm , isinər əynim!

Açarı pas tutmuş bəxtin

Görmədim heç bir xoş vaxtın!

Sən ay, sevilən xoşbəxtim -

Danışdır, açılsın eynim!

Qıymasan da sözə, dilə

Baxışınla ümid çilə!

Düşsün mənə bircə gilə -

Mən də susum, az deyinim!

 

 

Vaxtdı, ürəyim...

Gecikdim qapıda qarşılamağa

O da ki, izinsiz keçdi içəri...

Gücüm də çatmadı qarşı çıxmağa -

Onu doğması tək seçdi, içəri!

Zərbələr aldıqca hiss elədim kii,

Gah sinəm göynəyir, gah da kürəyim...

Həsrətə bilmirəm mən neylədim ki,

Qaldı ortalıqda duyan ürəyim!..

Dözüm əridikcə təklik gücləndi

Ağrı da qol-qanad verdi kədərə!..

Düz etdim, ya yanllış ... amma əzəldən -

Qapım açıq oldu hər vaxt qədərə!..

Sorğusuz, sualsız gələn sevgiyə -

Ev-eşik, həm də ki, taxtdı ürəyim!

Ona əl açmadım , mən ki, "SEV!" - deyə ..

Bu sirr özün aç, vaxtdı! - ürəyim...

 

Mən də qısqancam...

 

Saçını küləklərə

Açıq- aşkar daradır...

İçimdə qısqanclığa -

Qəsdən səbəb yaradır...

O saçlara sığalı

Xəyal edən əlimin...

İndi necə gizlədim -

Yaşadığı zülümün?!.

Kaş külək şıltaqlığı

Qəfil qəlbimə dola...

O saçlarla öpüşən -

Əlim də xoşbəxt ola!..

... Qısqanclığımı sənə

Bu şerimlə bildirdim...

Bu yaşımda, səni də -

Mən özümə güldürdüm!

 

Hönkürtünün sədası....

 

Elə hönkürür ki, buludlar sanki

Göy qopub düşəcək yerin üstünə...

Zənnimcə buludlar , bu an inan ki,

Durublar, göyün, həm yerin qəsdinə!

Şimşək işığında, iri damlalar

Ələnir mirvari dənəsi kimi...

Aşkar diqqətimi çəkən buludlar -

Əsir göy üzünün , çənəsi kimi!

Yaşanan məqamda təlaş , vahimə

Buludsa özünü sıxıb boşaltmır...

Anam nəvələrə təsəlli üçün -

Görürəm, əlini göyə boş açmır!...

Bir dəli nərədi göy gurultusu

Özünü partlatmaq -gerçəkliyidi...

Bir az da göylərin dərinliyindən -

Nə varsa onlardan yer çəkdiyidi!

 

Təzələnən xatirə

 

Bir çətirin altındaydıq ikimiz

İçimizdə damlaları sayırdıq...

Bir nöqtədə kəsişirdi fikrimiz -

Ruhumuzun hərarətin duyurduq...

Aradabir saçın dəyir üzümə

Büdrəyirəm.. utancaq bir təbəssüm...

O saçları...deyinirəm özümə -

Öpmək üçün gecikdim, gah tələsdim...

Bəzən külək güc göstərir... həmin an

Az qalır ki, əldən alsın çətiri...

Təlaşıma həyan çıxır bu zaman -

Ümid verən baxışının ətiri!

Xatırəsi o küləkli yağışın

Çoxdan aşıb bir çətirin sərhəddin...

Xatırladıb sevgimin bir naxışın -

Əbülfətin ürəyini tərpətdin!..

 

 

TƏBRİK MƏKTUBU

40 yaşını ezamda olduğu Azad Kəlbəcərdə qarşılayan Dayağım, Qürurum və Davamçım olan oğlum Babəkə - Atillamın atasına

 

Gözümdə həm uşaq, həm də cavandı

Adıma, soyuma Təkdi - DAVAMDI!

Mənim nəfəsimdi, həm də Havamdı -

OĞLUM!

Odum, ocağımdı, hətta közümdü

Güvəncim, ümidim, həm də dözümdü!..

Qələmim, dəftərim, bütöv sözümdü -

OĞLUM!

Dünyamdı - Sevincim, qəmim yerində

Artığım, əskiyim, kəmim yerində...

O mənəm, duracaq mənim yerimdə -

OĞLUM!

Rəqəmlər həminki, ötənsə ahdı

Baxıb öyünməmək - böyük günahdı!

Ömrümə açıılan nurlu sabahdı -

OĞLUM!

Allahın lütfüdü - Tanrı payıdı

Bir nəsil sevinci - hay - harayıdı...

Atadı, əmidi, hətta dayıdı -

OĞLUM!!!

Gün sənin, söz mənim, sevinc hər kəsin

Tanrı nə verəcək olsun o bəsin!

Gəlsin yüksəklərdən qürurlu səsin -

OĞLUM!

 

Bax   orda...

Sözün gücü çatmır gözlə deyəcəm

Alovla, atəşlə, közlə deyəcəm...

Nə qədər sağamsa, "Gözlə!" - deyəcəm -

Başına dönəcəm elə , bax orda!,

Sənə gətirəcəm canımda - məni

Görmək istədiyin yanında- məni!

Duyğulu, ən kövrək anında məni -

Başına dolandır, belə , bax orda!

Gecə də, gündüz də zaman sualsız

Etməz , gəl !- deməyin, məni bu halsız.

Yaşaya bilmirəm daha xəyalsız -

Mizrabda ta yatmır , telə , bax orda!

 

 

Təbiiət deyirsə...

Alışıb, od saçır, alov püskürür

Günəş havalanıb, yandırır yeri.

Civə sütunları qaynayıb daşır -

Günəşsə, bir addım çəkilmir geri!

Dodağı çatlayıb tumurcuqların ,

Qovrulur, saralır güllər, çiçəklər...

Anlaya bilməyən öz günahların -

Səssəsə veriblər quşlar, böcəklər...

Günəşdə partlayış, yerdə zəlzələ

Sınaqmı, cəzamı bu qarşudurma?!

Bəs nədən insanlar anlamır hələ -

Təbiət , deyirsə , mənə əl vurma!

 

ÜSTÜNDƏN

Çəkisi artıbdı kipriklərimin

Çırpıb tökməliyəm nəmi , üstündən...

Duasın edərək sevdiklərimin -

Silib ötməliyəm qəmin , üstündən!

Yolu doğramadan, kəsələmədən

Ayaq da qoymadan izin üstündən...

Ruhu oyatmadan, səs eləmədən -

Öpüb qaldıracam dizin üstündən!

Adı söyləmədən, pıçıldamadan

Gözlə götürəcəm sözün üstündən ...

Həmişə yaşıltək puçurlamadam -

Kölgə tək keçəcəm közün üstündən!

Görüş sevincinin iki damlasın

Dodaqla siləcəm üzün üstündən.

Süz , fikrin , çəkdiyim qəmdə qalmasın -

Bundan şirin nə var, yüzün üstündən?!

 

 

UTANIR

Cibimdə durumum üşüyür -

Utanır əlimdən...

Cismimdə qürurum üşüyür -

Utanır ölümdən!..

Üzümdə təbəssüm ərimir

Gözümdə kədərim kirimir...

Ümid də yanaşı yerimir -

Utanır gülümdən!

Səssizcə üyünür dözümüm,

Tapa da bilmirəm çözümün

Tay duzu da qaçıb sözümün -

Utanır dilimdən!..

 

 

Bir az da...

Ovutmağa çalışıram ruhumu

Bir az səslə, bir az sözlə, bir az da...

Çin etməyə çalışıram yuxumu -

Xəyalların köməyiylə bir az da!..

Küləklidi yaddaşımın otağı

Seyr elədim bu dərəni, o dağı !

Yarpaqları pıçıldaşan budağı -

Doğma gördüm, mən özümə bir az da...

Xışmalayıb , elə bil ki, əlim dən -

Sürüşərək , duman çıxdı əlimdən !

Bir misra de, Əbülfət tək , dəlindən -

Lap şirin gəl , sən gözümə ,bir az da!

 

 

AKKORD

Donub bir nöqtədə , itirib səmti

Nə irəli gedir, nə də ki, geri...

Ay ürək, az sıxıl, azacıq tənti -

Allah görüş üçün yaradıb yeri!...

Halın da qalmayıb zikir etməyə

Ağlının ucuna guman da gəlmir...

Tutub ətəyindən fikir etməyə -

Gözünün önün duman da gəlmir....

Gör hansı gündəsən, hansı saatda

Budanmış, qurumuş, ağac fonunda...

Yerin tapılmadı gerçək həyatda -

Qazancın boş ovuc! - ömrün sonunda...

Donub bir nöqtədə büründüyüm "ah",

Bir də xəşəm olub xışlanan ümid!

Özün yazdığına nöqtə qoy Allah -

Verilsin arxivə , sonuncu cilid!..

 

 

Mənim sevinc payım...

Xəyallarım suya düşüb nəm çəkir

Məni yerdən üzü göyə qəm çəkir...

Yaradanım niyə belə kəm çəkir -

Mənim sevinc payımı?!.

Gecə , gündüz yuxulu ya mürgülü

Pir elədim öz sevgimə , bir gülü!

Bəyənmədi bu dünyanın kür gülü -

Mənim sevinc payımı!

Hər bir kəsə sonda gülən tək ODU!

Haqq edilən nədi bilən, tək ODU!

Artığını pozub silən, tək ODU -

Mənim sevinc payımın!

 

DAĞ YOLUNDAKI MƏNZƏRƏ

Ətəyini , duman çəkib üstümə

Arada bir çisginini ələyir...

Arxamca o, baxa-baxa şəst ilə -

Elə bil ki, xeyir-dua diləyir..

Dağ müdirik görkəminə dalıbdı,

Ərənlər tək boy-boyadı qayalar...

Çox şükür ki, pozulmadan qalıbdı -

Şəlalədə, yenə həmin həya var!

Min çalarda düzənliklər, yamaclar

Ruha hopur çiçəklərin ətiri...

Oxuduqca kəkliklər, həm turaclar

Xoşhal olur dinləyənin xətiri!

Vaxt borc alıb, mən ötən bu zamandan

Ürəyimə fürsət verdim yaşasın...

Düşündüm ki, yapışdığım samandan -

Tutub o da, ömrü başdan başlasın!

 

 

QALSIN

Getmə, dayan, geri bax

Qoy ruhum diri qalsın...

Baxışın möhürlənsin -

Üzümdə yeri qalsın!

Dayan, keçim soluna

Nur çilənsin yoluna...

Sevinc girsin qoluna -

Kədərsə , geri qalsın!

Dayan, duy gülün səsin

Əbülfət gülümsəsin!

Məzarı bilinməsin-

Hadi tək, şeri qalsın!

 

 

GÖZLƏDİM

Açılmadı bəxtin ümid çiçəyi

Neçə gündüz, neçə gecə gözlədim...

Ağardaraq bu yolda saç- birçəyi -

Qoşulmadan , heç bir köçə, gözlədim...

Pərvanənin Vüsal andı şamdadı,

O həsrəti yanmaq ilə tamladı...

Güman özü zərrədi, ya damladı -

Onları da seçə- seçə gözlədim...

Zaman -zaman görüşmədən, görmədən

Baxışımla saçlarını hörmədən...

Hisslərimi qapatdığım türmədən -

Çıxarmadan , demədən heç, gözlədim!

Gözlərimə qan sızdırıb, qan, keçdin...

Ya bilmədin, ya da bilib yan keçdin!..

Əbülfətdən işıq tək hər an keçdin -

Allah bildi, səni necə, gözlədim...

 

 

TƏKLİYİMLƏ SÖHBƏT

( "Bir QADINA" silsiləsindən)

Sənin şəkillərin tutur dilimdən

Bütün suallarım cavabın alır...

Yapışıb gəzdirir mənim əlimdən -

Anında ən böyük səvabın alır!...

Görüşə çevrilib bütün şəkillər

Bütün söhbətlər də söz-söz yazılıb...

Məni imtahana səssiz çəkirlər -

Qarşımda "en" qədər sual asılıb!

Yaxamı heç nədən çəkmirəm kənar ,

Bir də ötən vaxtın acıdı mehi...

Ürəyim nazilib - o hər an sınar -

Qurumaq da bilmir gözümün şehi!..

Sənin şəkillərin ömür ortağım

Qoymur yıxılmağa, qoymur çökməyə....

Şəkil işığını geyən otağım -

Alışıb albomu açıb tökməyə....

 

 

Ən böyük günah

Mən heç bir zaman sevincin

Qapısın kəsib durmadım.

Sevincimi kül edənin-

Heç vaxt üzünə vurmadım!

Qismətim kədərdi! - dedim

Hər şeyə Qədərdi! - dedim...

Haq bura qədərdi, dedim -

Heç kimin qəlbin qırmadım...

Açını da səssiz yedim,

Söz- söhbətsiz, bəhsiz yedum..

Doğrudu, həvəssiz yedim -

Başqa bir xəyal qurmadım!

Duam birdi- axşam, sabah

İçimdə sevgi və Allah...

Unutmaq ən böyük günah-

Bildim , bir daha sormadım!

 

 

 

Önümə

Qayadı, dağdan qopubdu

Yüyürüb çıxıb önümə...

Sanki gəzdiyin tapıbdı -

Özünü yıxıb önümə!..

Dərdin də "Xan"-ı "bəy"-i var

Nimdaşı və hətta "səy"-i var

Canında , səssiz nəyi var -

Beş əllə sıxıb önümə...

Tay yoxdu küsməklə işim

Yolun gözləmirəm " Şeşin"!

Çünki, dərd sıxaraq dişin -

Qoşunun yığıb önümə!

 

 

 

 

DANIŞIR

Bu bir möcüzədi, ya da nağıldı

Gözümün içində gözün danışır..

Hər yandan gözümə gözün baxırdı -

Gözlərin gözümün sözün danışır!..

Əsən Xəzirimi, yoxsa gilavar

Nə yaman olubdu gözün dilavar!

Kipriyin ucunda iki gilə var -

Onlar bir -birinə özün danışır...

Kükrəyir içimdə min illik həvəs

Gözüm gözlərindən aldıqca nəfəs!

Əbülfət, gözünü sən öymə əbəs -

Adından çınqın, gah közün danışır!..