SÜLEYMAN ABDULLA. - VAXTA QƏSDİN ŞEİRİ

Ədəbiyyat 10:27 / 14.09.2026 Baxış sayı: 634

 

Məndə o daş hanı ürək qıram, dost,

Söz atıb barına vaxt öldürürəm.

Mən ki bu ölkədə yaşamıram, dost,

Düşüb axarına vaxt öldürürəm.

Yada salmıram da bir çox söhbəti,

Çoxdan unudulub ac-tox söhbəti.

Etmirəm dünyayla var-yox söhbəti,

Yoxuna, varına vaxt öldürürəm.

Dəryada suyuna, çöldə qumuna,

Payız ümid əkdim yazlıq tumuna.

Dərənin qaranlıq uçurumuna,

Zirvənin qarına vaxt öldürürəm.

Kimi var adamın varıb sığına,

Ömrümüz urcahdı qəmin tığına.

Gün var ki, gündüzün ağ işığına,

Gecənin tarına vaxt öldürürəm.

İnciyib küsməyin sorma nədənin,

Suç nə torpağındır, günah nə dənin.

Quloyşa adamlar sanır vətənin,

Gülöyşə narına vaxt öldürürəm.

Bir-iki dost qalıb saymağa saya,

Daha dilək yoxdu yetişsin baya.

Sığışa bilmədik bu gen dünyaya,

Məzarın darına vaxt öldürürəm.