Sabir Zəkullaoğlu - Bəzən...

YAZARLAR 21:13 / 20.03.2026 Baxış sayı: 479

 

Bəzən sükut ən böyük cavab olsa da, başqalarının haqqı tapdananda susmaq ədalətsizliyə şərik olmaqdır.

Mən hər zaman körpüləri salmaq tərəfdarı olmuşam, lakin mənəviyyat sərhədlərini aşanlar üçün o körpüləri yandırmaqdan başqa yol qalmır.

​İndicə bir "Facebook" dostumu əngəllədim. Bu, məndə çox nadir hallarda olur.

Mən səbirliyəm; güzəşt etməyin, dözüm göstərməyin tərəfdarıyam. Həm də bu gün bayramdır. Əslində, bu gün küsülülər barışmalıdır, nəinki kiminləsə mübahisə edib münasibətlərə xitam verəsən.

İllah da, xüsusən də qarşı tərəf zərif cinsin nümayəndəsi ola...

Ancaq olmur. Bəzən gərçəkdən olmur.

​Xanım mənim yazdığım posta çox aşağılayıcı, təhqir dolu rəylər yazdı.

Oxuyub gülüb keçdim. Düşündüm ki, xanımdır, həm də bayram günüdür. Ancaq rəy yazan başqa dostlarıma da təhqiramiz ifadələr yazdığını gördükdə çox narahat oldum. Elə rəy bölümündə ondan niyə təhqir yazdığını soruşdum. Onun daha da aqressiv cavab verdiyini gördükdə isə onu əngəllədim.

​Yəni mənə olan təhqirləri bağışlaya bilərdim, ancaq dostluğumda olan, mənə rəy yazan insanların təhqir olunmasını həzm edə bilməzdim.

Bağışlamaq bir şeyi əvəzsiz, qarşılıqsız bəxş etməkdir. Amma insan əlində olmayan bir şeyi necə bağışlaya bilər? Bu imkan məndə var.

Ümumiyyətlə, münasibətlər qarşılıqlı olanda hər şey maddiləşir, ancaq qarşılıqsız jest etməyin ləzzəti bambaşqadır. Mən o xanıma əxlaqımdan pay verməyə böyük məmnuniyyətlə hazır idim. Lakin indiki halda ortada ortaq dostlarımızın təhqir olunduğu bir məqam var idi. Buna görə də mən o xanımı bağışlaya bilmədim.

Həm də o xanım özü də bağışlanmaq istəmirdi.

​Bu gün bayramdır — Novruz bayramı. Novruz türk millətinin on min illik tarixi yaddaşına hopub gələn, bəşəriyyətin ən qədim bayramlarındandır. Novruzun yaşı çayın, suyun, dağın, dərənin — bir sözlə, təbiətin yaşı qədərdir.

Və Novruzun yaşı türkün yaşı qədərdir.

​Bu gün dünya çalxalanır, ancaq bir gün bu narahat dünyada türk söz sahibi olacaq, dünyanı nizamda saxlayacaq. Sülhün və əmin-amanlığın fərmanını türk hökmdarları verəcək. Və o gün heç də uzaqda deyil. Bax onda, hələ İslamdan çox-çox əvvəl təkallahlığı qəbul etmiş, inancını Tengridən almış türk xalqı dünyaya həm əsl dinin mahiyyətini, həm də ədaləti daddıracaq.

Yeri gəlmişkən, bu gün çərşənbələrdə qalanan od da həmin o tarixi ocağımızın közündən qalanmışdır.

​Bayramınız qutlu olsun, Metenin, Alparslanın, Atillanın nəvələri!

​P.S. Bəzən bir nəfəri həyatımızdan kənarlaşdırmaq, əslində ətrafımızdakı dəyərli insanların mənəvi rahatlığını qorumaqdır. Qoy bu Novruz təmizliyi təkcə evlərimizdə deyil, sosial çevrəmizdə də ədaləti və nəzakəti bərqərar etsin.