QƏLƏBƏ NİDALI KİTAB - Əbülfət MƏDƏTOĞLU yazır

YAZARLAR 09:15 / 19.03.2026 Baxış sayı: 298

Masamın üzərində mətbəə qoxulu bir kitab var və bu kitabın dünyaya gəlişi, yəni oxucuya doğru uzanan yolu gözlərimin önündən gəlib keçir. Onların hələ kitab olacağı günə qədər oxucusu olduğumdan onun toplu halında əlimdə tutacağım günü səbirsizliklə gözləmişdim. Və nəhayət, həmin gün gerçəkləşdi. Söz dünyamıza, ədəbi müstəvimizə "Qələbə misraları, yurd tərənnümü" qədəm qoydu. Mən də bu kitaba ürəyimi açdım. Yenidən oxumaq, yenidən həmsöhbət olmaq üçün.

Azərbaycan oxucusu Fərəc Fərəcov imzasını tanıyır. Onun Naxçıvanda yaşadığını, yazıb-yaratdığını bilir. Kitablarından da xəbərdardır, nəsrindən də, poeziyasından da. Onu da vurğulayım ki, Fərəc Fərəcov şəxsiyyəti mənim üçün səmimiyyət, sadəlik və bütövlük deməkdir. Bu üç amil Fərəc müəllimin həyatında da, yaradıcılığında da hər an özünü büruzə verir, özünü göstərir. Özü də iddiasız və təmənnasız. Çünki o, yaşadığı kimi də yaradır. Sadə, səmimi, inandırıcı, halal bədii nümunələr. Oxuyursan, inanırsan. Oxuyub inandığın sənin də gördüklərin, yaşadıqlarındı. Məhz bu prizmadan baxanda müəlliflə əsər təkcə yanaşı dayanmır, həm də bütöv görünür. Zənnimcə, qələm adamı üçün bu xüsusiyyət oxucu diqqətini çəkmək, oxucu sevgisi qazanmaq üçün ən ümdə şərtlərdən biridir. 

Bu gün, necə deyərlər, oxuculara isti-isti məlumat vermək istədiyim kitab bir neçə fəsildən ibarətdir. Bu fəsillər şərti bölgüdür. Mənim fikrimcə, burdakı poeziya nümunələrinin hamısı bir zəncirin həlqələridir, bir fikrin sıra düzümüdür. Çünki mövzu birdir: 

- Vətən, Əsgər, Şəhid, Torpaq, Azadlıq, Sevgi, Ümummilli Lider və Ali Baş Komandan!!! 

Azərbaycanın hər bir duyğusal vətəndaşı üçün adlarını çəkdiyim mövzuların nə qədər doğma olduğunu hər birimiz yaxşı bilirik. Deməli, kitabdakı şeirlər də mövzular baxımından hər birimizə doğmadır, yaxındır. Bu mənada kitabın ilk şeirinin bir bəndini diqqətinizə təqdim edirəm:

Dedi inanıram ona özüm tək, 
Mətin addımlarla o, gedəcəkdir.
Edə bilmədiyim nə varsa bütün,
Əminəm, çalışıb o, edəcəkdir.

Və yaxud "Şəhidlər" şeirində:

Vətən sınırına çökəndə duman,
Həyəcan təbilin çaldı şəhidlər.
Silaha sarılıb vermədi aman,
Düşməni lərzəyə saldı şəhidlər.

Fərəc Fərəcovun bu kitabında Naxçıvanın təkcə coğrafiyası, təbiəti deyil, insanları da, tarixi də özünəməxsus şəkildə misralanıb şeirə çevrilib. İstər Culfa, Ordubad, Şahbuz, Şərur, istərsə də digər bölgələri, xüsusilə, tariximizi ifadə edən ünvanları oxucuya bir rəssam, bir müəllim sevgisi ilə təqdim olunur. Bu şeirlərdə ürək çırpıntısı və böyük sevgi özünü açıqca göstərir. Məsələn:

Söyləyim fikrimi tam müxtəsəri, 
Bu qala günümün bir şah əsəri.
Əbədi qalacaq sözü, kəsəri,
"Əlincə" adında qalam var mənim.

Kitabdakı ünvanlı şeirlərin özlərində də müəllif canıyananlığı həqiqətən xoş bir təəssürat yaradır. Şeirin ürəkdən qidalandığını dərhal hiss edirsən. Ona görə də bu kitabı əvvəldən sona kimi hər kəsin oxumasını və özünün qərar verməsini çox istərdim. Yəni mən öz payıma bir oxucu olaraq bu kitabı sevgi və sayqıyla qarşıladım və belə də dəyərləndirirəm. Düşünürəm ki, oxucular da yanılmayacaqlar. Uğurlar olsun, Fərəc müəllim!