Tahir  Rzayev, millət  vəkili : - " Qarayaxma kampaniyaları ən çox sosial media şəbəkələrində aparılır."

 

HÜQUQ 11:53 / 19.03.2026 Baxış sayı: 180

Kimliyindən asılı olmayaraq, hər kəs yaydığı saxta məlumatlara görə cavab verməlidir.

Yenises.az  bildirir  ki ,bunu "Report"a açıqlamasında deputat Tahir Rzayev deyib.

Deputat qeyd edib ki, hər bir insanın şəxsi həyatına müdaxilə yolverilməzdir və onun şəxsi toxunulmazlığı barədə təşəbbüs mütləq dəyərləndirilməli, həmin şəxs məsuliyyətə cəlb edilməlidir:

"Azərbaycan Prezidenti İlham Əliyevin ailə üzvləri və özü haqqında yayılan şantaj xarakterli məlumatlar hər bir insanı, eləcə də ümumilikdə Azərbaycan cəmiyyətini ciddi narahat edir. Yayılan məlumatlar reallığı əks etdirmir".

Onun fikrincə, bunlar həm daxildə, həm də xaricdə olan qüvvələrin, Azərbaycanı istəməyənlərin sifarişi ilə yazılır. Deputat vurğulayıb ki, məlumatların hər biri Azərbaycanın imicinə zərbə vurmaq, qarayaxma xarakteri daşıyır:

"Əlbəttə ki, hər bir şəxsin toxunulmazlıq hüququ var. Bu hüquq Azərbaycan Konstitusiyasının 32-ci maddəsində aydın əksini tapıb. Orada göstərilir ki, hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Həm də hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ var".

Deputat qeyd edib ki, bu tip qarayaxma kampaniyaları ən çox sosial media şəbəkələrində aparılır:

"Dövlət məmurları, deputatlar, hörmətli insanlar haqqında belə şayiələr son illərdə informasiya şəbəkələrində geniş yayılır. Bu, dövlətçiliyə bir xəyanətdir. Dövlət strukturlarının zəiflədilməsinə yönəlmiş bir təşəbbüsdür. Kimliyindən asılı olmayaraq hər kəs yaydığı saxta məlumatlara görə cavab verməlidir. Nəyin ki, dövlət rəhbərinin ailəsi haqqında, hər bir insanın şəxsi həyatına müdaxilə onun şəxsi toxunulmazlığına təşəbbüs mütləq dəyərləndirilməli və həmin şəxs məsuliyyətə cəlb edilməlidir".

T. Rzayev ölkədə baş verəcək bu tip hadisələrə qarşı tədbirlərin gücləndirilməsinin vacibliyini də vurğulayıb:

"Belə halların - ölkə haqqında, ölkə rəhbəri haqqında, görkəmli insanlar haqqında, eləcə də hər bir insan haqqında saxta məlumatların, şantaj xarakterli fikirlərin, söhbətlərin cavabsız qalmayacağına əminik. Dövlət Təhlükəsizliyi Xidmətinin bu sahədə həyata keçirdiyi tədbirlər təqdirə layiqdir. Bundan sonra da bu tədbirlər gücləndirilməlidir".