Şakir  Xanhüseyn - ƏGƏR QANAYIBSA...

Ədəbiyyat 13:55 / 18.03.2026 Baxış sayı: 97

 

üstünə gələnin üstünə getmək,

bir işdə boynumu qısmadım demək.

xoşdu bir ocağa- tüstüyə getmək,

əlinə keçənə qismətim demək.

 

yükünə yüklənmək, boşuna dolmaq,

yan bir az oduna-közünə belə.

əgər qanayıbsa, ağrımaq yox, bax,

yolu sarğı etmək dizinə belə...

 

gör kimə ilişir kimin qarmağı,

bəzən çınqı vermir çaxılan çaxmaq.

nə deyim, olurmu, bilmirəm, axı,

suyun içindən də natəmiz çıxmaq...