Əlizadə Nuri - Darıxmağın rəsmi
Yuxuma dağıtmısan,
Saçının yumşağını.
Sən yoxsan, kim böyütsün
Bu sevda uşağını?
Yol tapıb çıxa bilmir,
Bu tinim, bu dalanım.
Mən sevgi qaçqınıyam-
Gəl, səndə daldalanım...
Bu çölü göndərmisən,
Sən mənə azmaq üçün?
Ürəyim- bir divarmış
Şəklini asmaq üçün.
Ümidim körpə kimi,
Ağlayır qundağında.
Arzularım can verir
Kədərin qucağında.
Zərgər yoxsa, nə fayda?-
Lap qiymətli zər olum.
Hara çıxıb getmisən
Hara bəxtəvər olub?!
Hardasan, hardan bilim,
Mən hara üz döndərim?-
Darıxmağın rəsmini
Çəkib sənə göndərim...
Özün məndən uzaqsan,
Kölgən keçir yanımdan.
Adına soyuq dəyər-
Düşmə dodaqlarımdan...