Ələsgər ƏLİOĞLU : - UCUZLUQ MARKETİ

YAZARLAR 11:45 / 18.03.2026 Baxış sayı: 235

 

                                                                                         (Hekayə)

Malların qiymətində tez-tez bahalaşma getdiyindən əlimə pul düşən kimi marketə baş vurub olandan-olmazdan alırdım ki, bir az irəli düşək. Axı getdikcə hər şeyin qiyməti sarmaşıq kimi yuxarı qalxmaqdaydı...

Günlərin birində qırıb-qısdığım beş-on manatı da götürüb marketə üz tutdum. Başı aşağı halda fikirli-fikirli marketə girirdim ki, qapının ağzında dayanıb söhbət eləyən iki qadından birinin dediklərini eşitdim:"Bacı, bacı, cox ucuzlaşıb...Lap həddən ziyadə..."

Bu sözlər bircə anda ayağımdan dartıb məni geri çəkdi... Düşündüm ki, görünür hansı malsa çox ucuzlaşıb...Marketə girən kimi elə həmin malın üstə yaxınlaşaram.Vaxtımı boş yerə itirmərəm...Buna görə də başımı qaldırıb diqqətlə qadınlara baxdım.Onlardan biri tanış idi. Salam verib soruşdum:

-Necəsiniz. Ay Ziba xanım?..Dediyiniz bir sözü qulağım sancdı... Düzdür, mallardan hansınınsa qiyməti ucuzlaşıb?..

Qadınların ikisi də acı nəzərlərlə məni süzdü və Ziba arvad kinayəli bir tərzdə dilləndi:

-Qardaş, qardaş, üstünə sağlıq, adam evdən çölə də çıxmaq istəmir. Kiminlə kəlmə kəsirsənsə, peşman olursan.Soruşduqlarının beşdən üçü dünyasını dəyişmiş olur. İndicə burda ölümdən danışırdıq... Bu xanımın tanıdığı keçmiş tələbə yoldaşımı xəbər alırdım. Deyir ki, qırx yaşında olan oğlu durduğu yerdəcə rəhmətə gedib... Ölümü deyirəm də,ölümü!.. Yamanca ucuzlaşıb...

...Daha sözümün arxasını uzatmayıb başımı marketin qapısından içəri saldım...Öz-özümə düşünürdüm ki, yəqin ki, əzrayıl da ucuzluq marketi açıb...

16.09.2023