Məmməd  Qədir - Özüm bilərəm

Ədəbiyyat 12:00 / 18.03.2026 Baxış sayı: 194

 

Mənə "unut" demə, fələk alnımı,

Silincə sevəcəm, özüm bilərəm!

Bu eşqi odumca alovlandırıb,

Külümcə sevəcəm, özüm bilərəm!

 

Şükür yerindədi namusum, arım,

Sevginə əyilən o şah vüqarım,

Qorxum Allahdandı, sən qorxduqların,

Bilincə sevəcəm, özüm bilərəm!

 

Güvən, səbr məndə, məndədi dözüm,

Bu kələf həyata sevgidi çözüm,

İnildəyən ruhum, ağlayan üzüm,

Gülüncə, sevəcəm, özüm bilərəm!

 

Cırtdan yuxudadı, qoy şələm bilsin,

Qohumum, qardaşım, ailəm bilsin,

Çapacam, qorxduğun el-aləm bilsin,

Qılınca, sevəcəm, özüm bilərəm!

 

Ölmərəm, qır ruhu, sındır sazımı,

Özüm yazmadım ki, siləm yazımı,

Sonuncu nəfəsdə son namazımı,

Qılınca sevəcəm, özüm bilərəm! !

 

Sevinmə, gözəlim,ölməmişəm ki,

Eşq imiş sənətim, işim, peşəm ki,

Səni unutmağa sevməmişəm ki,

Ölüncə sevəcəm, özüm bilərəm!