Təranə Məmməd -  Ay seli

Ədəbiyyat 18:00 / 18.03.2026 Baxış sayı: 277

 

Ağ ipəkdən bir don tikib zülmət gecə.

Kaş ki, o don mənim ola.

Pəri olam ağ libasda xəfif, incə,

Dəniz də mənzilim ola.

Süzülə don çiynimdən,

Mənə gizli yuva ola.

Keçə şuatək cismimdən,

Ruhumun libası ola!

Ala məni dərd-sərimdən,

Ayıra kədər-qəmimdən,

Gələ məni xilas edə

Yer üzünün zillətindən...

Göydən dənizə süzülə

ağ donun qırçın ətəyi,

Mən olam gecə mələyi.

Sığal çəkəm zülmətin siyah telinə,

Dönəm gecə Ay selinə...