VAQİF YUSİFLİ : - YADA DÜŞÜR NAHİD HACIZADƏ
(Nahid Hacızadə – 90)
«Könül dünyamda lay-lay, bəlkə də qalın-qalın cildlərə sığmayan xatirələr uyuyur. Hərdən ayrı-ayrı sənətkarların yubileyləri, anım günləri ilə bağlı yaddaşımı silkələyir, uzaq-yaxın illərin təəssüratlarını, epizod və əhvalatlarını qələmə alır, qəzet və jurnallarda dərc elətdirirəm. Saralmış mətbuat səhifələrində nə qədər xatirələrim, məqalələrim pərən-pərən olub, yaddan çıxıb…»
Nahid Hacızadə – bütün sənət adamlarının çox yaxşı tanıdığı bu görkəmli yazıçı və publisist bu sətirləri özünün «Yada düşdü» xatirələr kitabında SON SÖZ kimi qələmə almışdı. YADA DÜŞDÜ ifadəsi onun həyatının, yaradıcılığının axarını, məna və mahiyyətini açıqlayır desəm, səhv etmərəm.
1936-cı ildə Gədəbəyin Düz Rəsullu kəndində dünyaya göz açan və 19 yaşında o kəndi tərk edib ADU-nun filologiya fıakültəsinə daxil olan, elə ali təhsilini başa vurandan sonra Televiziya və Radio Verilişləri Komitəsində redaktor kimi işə başlayan Nahid Hacızadə çox tez bir zamanda sənət adamlarının dostuna, sevimlisinə çevrildi. O, 36 il bu şirkətdə çalışdı, redaktorluqdan şirkətin sədr müavinlifyinə qədər çətin görünən o pillələri qalxdı və ucaldı. Mənim Nahid müəllimlə tanışlığım və ünsiyyətim də keçən əsrin 80-ci illərindən başlandı. O, «Gənclik» və ədəbi dram verilişləri baş redaksiyasında baş redaktor işləyəndə məni də hərdən o verilişlərə dəvət edirdi.
Nahid Hacızadə haqqında düşünəndə mən üç Nahid Hacızadə obrazı ilə qarşılaşıram. Bu üç Nahid Hacızadə əslində, bir Nahid Hacızadə obrazında birləşir. NASİR, PUBLİSİST, QURUCU-TƏŞKİLATÇI Nahid Hacızadə bütün fəaliyyəti boyu eyni amala xidmət edirdi. Real həyatın bədii həyatda ifadəsinə, Xatirələr dünyasına, Yada Düşdü həqiqətinə, sənətkarların söz aləminin incələnməsinə…
Öncə onun nəsr əsərləri haqqında söz açmaq istəyirəm. Çünki müxtəlif illərdə yazdığı hekayələr, povestlər hələ öz elmi-tənqidi təhlilini tapmayıb.Nahid Hacızadənin nəsr əsərləri əsasən 70-90-ci illərdə qələmə alınmışdı. Müxtəlif ədəbi nəsillərin iştirakı ilə yaradılan nəsrimiz o zamankı Ümumittifaq nəsrində də seçilir, fərqlənirdi. Görkəmli tənqidçi Akif Hüseynlinin təbirincə desək, «Yeni Azərbaycan nəsri» ədəbiyyatda bir sıra orijinal xüsusiiyyətləri ilə diqqəti cəlb edirdi. Nahid Hacızadənin hekayə və povestləri də məhz müəyyən dərəcədə bu yeniliklərlə uzlaşırdı. Onun «Qərib axşamlar», «Məhəbbət ölüncə var», «Köçündən ayrılan durna», «Payız leysanları», «Dağlar, səndə gözüm qaldı», «Hələ gec deyil» nəsr əsərlərində əsas mövzu mənəvi problemlərlə bağlı idi. Nahid Hacızadə adını çəkdiyim bu povestlərdə xatirələr dünyasına yol alır, bir vaxtlar şahidi olduğu hadisələri, insanları bədii həqiqət aynasında canlandırırdı.Onun təsvir etdiyi qəhrəmanların bir çoxu sənət adamlarıdır. «Məhəbbət ölüncə var» povestində Bəhruz aktyordur, öz sənətini sevir. Amma bu sənətin zirvəsinə yetincə çox sınaqlardan keçir. Bu povestdə Nahid Hacızadə Azərbaycan teatrının korifeylərindən biri olan Kazım Ziyanın da obrazını yaratmışdır. Məhz Kazım Ziyanın sənət dərsləri sayəsində Bəhruz böyük uğurlar qazanır. Yeri gəlmişkən qeyd edim ki, Kazım Ziyanın sənətkar obrazı ilk dəfə məhz Nahid Hacızadənin povestində canlandırılıb. «Köçündən ayrılan durna» povestində Nahid Hacızadə böyük türk şakiri Nazim Hikmətin obrazını yaradır. Daha doğrusu, qəriblik mövzusunu əsas götürüb ömrü boyu öz doğma vəitənini arzulayan Nazim Hikməti təsvir etdiyi Ceyhun və Qaşqay obrazları vasitəsilə qəribliyin necə üzücü bir həyat olduğunu xatırladır.
Ümumiyyətlə, Nahid Hacızadənin nəsr əsərlərində yaşadığımız o dövrün-yetmiş-səksəninci illərin reallıqları öz əksini tapır.Yeri gəlmişkən qeyd edim ki, müxtəlif illərdə Nahid Hacızadənin Moskovski komsomolets» qəzetində, «Nedelya» həftəliyində, «Oqonyok» jurnalında hekayələri çap olunub. Moskvanın .«Sovetski Pisatel» nəşriyyatı onun iki nəsr kitabını – «Dağlar yuxuma girir» (1978) və «Hələ gec deyil» (1989) nəşr etmişdir. O, həm də dramaturgiya janrında qələmini sınamışdır. İki əsəri Milli Akademik Dram Teatrında öz səhnə təcəssümünü tapıb.
Nahid Hacızadənin «Yada düşdü» kitabı xatirələr silsiləsi üzərində qurulub. Öncə qeyd etdiyimiz kimi, Nahid müəllim XX əsrin (elə bu əsrin də) sənət aləminə üz tutur, demək olar ki, Azərbaycanın üzdə olan sənət adamlarının portretlərini yaradır. Məlumdur ki, portret janrı ilk baxışda asan görünsə də, müəllifdən peşəkarlıq tələb edir. Gərək o sənətkarla bağlı xatirələrlə məhludlaşmayasan, onun daxili aləmini, sənətə bağlılığını və bir insan kimi özünəməxsus xüsusiyyətlərini canlandıra biləsən.
«Yaddaşımın Rəsul Rza səhifələri» xatirəsində Nahid müəllim 1943-cü ilin qarlı bir qış axşamını yada salır. Dərsliyə salınmış bir şeirdə ispaniyalı bir pionerin öz vətəni İspaniyadan Sovet İttifaqına gəlməsi, amma həmişə vətən həsrətiylı yanıb-yaxıldığığı təsvir olunur. Öyrənir ki, bu şeirin müəllifi Rəsul Rzadır. İllər gəlib keçir, tələbə Nahid bir kitab mağazasında Rəsul Rza ilə tanış olur. Onun nəsihət və tövsiyələrini eşidir. Daha sonrakı illərdə Nahid Hacızadə ilə böyük şairin neçə görüşü baş tutur. Əlbəttə, Nahid Hacızadə bu xatirədə Rəsul Rzanın təkcə bir sənətkar kimi deyil,həm də bir Şəxsiyyət kimi də obrazını yaradır. Eyni məhəbbət və səmimiyyətlə o, bizim bir çoxlarının müəllimi olmuş böyük yazıçı və ədəbiyyatşünas Mir Cəlalın, görkəmli yazıçı və dramaturq İlyas Əfəndiyevin,sənət aləmində, ictimai həyatda öz dərin izlərini buraxmış Mirzə İbrahimovun, nəsr ustası Ənvər Məmmədxanlının, şair-tərcüməçi Əliağa Kürçaylının da ədəbi portretlərini yaradır.
Nahid Hacızadə çox bəxtli adam idi. Onun tələbəlik illəri, Televiziyada çalışdığı dönəmlər XX əsrin böyük sənətkarlarını görmək, onlarla görüşmək, ünsiyyətdə olmaq və onların yaradıcılığı haqqında söz demək onun şərəfli işiydi. Məqalələr də yazırdı. Xalq şairləri – Bəxtiyar Vahabzadə, Qabil, Zəlimxan Yaqub, Musa Yaqub onun sevdiyi şairlər idi.Və onlara həsr etdiyi məqalələrdə Nahid Hacızadə bir ədəbiyyatşünas kimi qələm işlədirdi. Hiss olunurdu ki, o, müasir ədəbiyyatımızın poeziya ustadları olan bu şairlərin yaradıcılığına yaxşı bələddir. Məsələn, Musa Yaqub haqqında yazırdı ki: «Kitablarından birini belə adlandırıb: «Nanə yarpağı». Müəllif bu adı təsadüfi seçməyib. Nanə yarpağı sənətkar qəlbinin rəmzidir. Şair ürəyi gözəllik qarşısında nanə yarpağı tək əsir. Musa Yaquba təbiət şairi deyirləfr. Bu ad ona halaldan halaldır».
«Yada düşdü» kitabında Nahid Hacızadənin öz yaxın dostları-İlyas Tapdıq, Oqtay Rza, Əlövsət Bəşirli, Əlibala Hacızadə və Əbülfət Mədətoğlu haqqında da məqalələri ilə rastlaşırıq. Ancaq bu yazılar heç də dostlara yazılan təbriklər kimi oxunmur. Həmin yazılar onların yaradıcılığına obyektiv münasibəti ifadə edir. Yaxşı xatırlayıram ki, Nahid müəllim İlyas Tapdığın seçilmiş əsərlərindən ibarət bir əlyazmanı mənə təqdim etdi və bir ön söz yazmağımı xahiş elədi. Mən də böyük məmniyyətlə «Bu İlyas Tapdıqdır» adlı geniş bir ön söz yazdım. İlyas Tapdıq doğrudan da Nahid Hacızadənin yazdığı kimi: «Balalarımızın sevimli şairidir». Amma onun poeziyasını təkcə bununla məhdudlaşdırmaq olmaz. Onun xalq ruhunda köklənmiş şeirləri, təbiətə, Vətənə, Gədəbəyə yazdığı poetik nümunələr indi də sevilə-sevilə oxunur. O, Əlibala Hacızadəni müasir Azərbaycan nəsrinin ustadlarından biri hesab edirdi. Yazırdı ki: «O, bənzərsiz söz ustadıdır. Nə o, kiməsə bənzəyir, nə də kimsə ona». Tanınmış yazıçı-publisist Əlbvsət Bəşirli və şair Oqtay Rza haqqında yazıları da eyni səmimiyyətlə qələmə alınıb. Nahid müəllim özündən xeyli cavan olan şair Əbülfət Mədətoğlunun şeirləri barədə gözəl bir məqalə yazıb – «Sinəmdə yurd dağı var». Və mən deyərdim ki, Əbülfətin şeirləri barədə ən düşündürücü yazılardan biridir.
Nahid Hacızadə təkcə ədəbiyyat adamları – şairlər, nasirlər haqqında deyil, öz sahəsinin məşhurları olan alimlər, əmək qəhrəmanları, teatr xadimləri və musiqiçilərdən də xatirələr yazıb, məqalələr qələmə alıb. Bu yazılarda Nahid müəllim əsl publisistik hünər göstərir, yəni kimdən söz açırsa, o şəxsin həyat və yaradıcılıq yolunu izləyir, onların yüksəklyiyə doğru gedən yollarını gözlərimiz qarşısında canlandırır. Azərbaycanın iki böyük elm xadimi – Qoşqar Əhmədli və Qəzənfər Paşayev haqqında qələmə alınan yazılar haqqında da ürəklə söz aça bilərik. Ona görə «ürəklə» deyirəm ki, Nahid müəllim bu elm xadimlərinin təkcə elmi nailiyyətlərini deyil, həm də bir Şəxsiyyət kimi böyük ürək sahibləri olduğunu yazır. Qoşqar Əhmədli çoxdandır dünyasını dəyişib, amma elmi nailiyyətləri, gördüyü işlər unudulmayıb. Qəzənfər Paşayev isə yaşayır, yenə əvvəlki kimi elmi tədqiqatlarını, xüsusilə İraq-Türkmən ədəbiyyatı ilə bağlı araşdırmalarını davam etdirir. Təfərrüata varmaq istəmirəm və mən Nahid müəllimin əmək qəhrəmanı Qüdrət Səmədov, kitab nəşri sahəsində böyük xidmətlər göstərmiş Əjdər Xanbabayev, Xalq artisti Arif Babayev, Xalq artisti Lütfi Məmmədbəyov, adi bir peşə sahibi Usta Haşım, tanınmış aktyor – Xalq artisti İlham Namiq Kamal və nurlu şəxsiyyət kimi tanıdığı Əlbvsət Baxışov haqqında qələmə aldığı səmimi yazılardan söz aça bilmirəm.
Nahid Hacızadə həm də yaradıcı-qurucu bir insan idi. Onun sonuncu iş yeri Respublika Xatirə Kitabı redaksiyası idi. Burada yeni bir redaksiyanın əsasını da məhz o qoydu. İndi onun işini Nəzakət xanım Məmmədli davam etdirir.
Mən bu yaxınlarda Nahid Hacızadənin 90 illiyilə bağlı Azərbaycan Yazıçılar Birliyinin «Natəvan» klubunda keçirilən tədbirdə iştirak etdim. Öz ürək sözlərimi də söylədim.
Nahid Hacızadə ilə sonuncu görüşümü də xatırlayıram.
Bir gün təsadüfən ikimiz hansı verilişdəsə çəkilirdik (Nahid müəllim artıq orada işləmirdi). Televizayadan bir çıxdıq. Heç özümüz də bilmədən birgə yol getdik. Deyəsən, hər ikimiz acmışdıq. Və bir yeməkxanada oturduq, çörək yedik. İlk və sonuncu dəfə. Amma söhbət də elədik. İlyas Tapdığın 70 illik yubileyində – Gədəbəydə iştirak etdiyimizi xatırladıq. Sonra söhbət şeirdən düşdü. Yaddaşımdan silinməyən Füzuli qəzəllərindən birini söylədim. Xoşuna gəldi. Misilsiz xanəndə Qədir Rüstəmovun hansı muğamdasa oxuduğu o qəzəl idi.
Ey Füzuli, dura məndən ala təlimi-vəfa,
Nagəh ər mərqədi Məcnunə düşərsə güzərim.
Nahid müəllim, daha bu dünyada sizə bir də güzarım düşməyəcək. Amma işıqlı əməllər sahibi olan insanlar heç vaxt unudulmur. Siz idə unutmamışıüq… Çünki həmişə YADA DÜŞÜR NAHİD HACIZADƏ…