Fərhad Tapdıqoğlu - Getdi

YAZARLAR 16:12 / 20.03.2026 Baxış sayı: 445

(hekayə)

Səmid yatağından qalxdı,yuyunmağa getdi.

Fərəh də durdu,mətbəxə gedib ,səhər yeməyi hazırladı .

Səmid səhər yeməyini yeyib,həyat yoldaşı Fərəhlə sağollaşıb işə getdi.

Səmid gedəndən sonra Fərəh də çay içdi, çörək yedi.Sonra evdən çıxdı,qapını bağladı,kilidlədi,marşruta minib anası gilə getdi...Anası gildə bir az oturandan sonra gözəllik salonuna getdi...gözəllik salonundan çıxıb,ticarət mərkəzinə getdi...ticarət mərkəzindən çıxıb ,xalası gilə getdi...xalasıgildən çıxıb,rəfiqəsi gilə getdi...

... Səmid işdən çıxıb ,evə getdi...

Evə gəldi,gördü ki,Fərəh evdə yoxdur...

Bir xeyli müddətdən sonra Fərəh rəfiqəsigildən çıxıb ,evlərinə getdi...

Qapının zənginin düyməsini basdı .Səmid oturduğu yerdən qalxdı,qapını açmağa getdi,açdı...Fərəh Səmidlə salamlaşdı ,otağa keçdi.

Səmid əsəbi halda onun üstünə getdi,qışqırdı:

--Haradaydın? Mən işə gedəndən sonra mənə deməyib hara getdin?

Fərəh getdiyi yerləri sadaladı...Səmid ona inanmadı,yenə qışqırdı...

Fərəh qorxdu,özündən getdi...

Səmid təcili yardım çağırdı.Təcili yardım gəldi,Fərəhi müayinə elədi...Fərəh özünə gəldi.

Təcili yardım həkimi resept yazdı,Səmiddən "zəhmət haqqı" alıb,qayıtdı getdi...

Səmid hamama yuyunmağa getdi...Fərəh yatmağa getdi...

...Səhər açıldı.Fərəh Səmiddən küsdüyündən ,yatağından qalxmadı.Səmid özünə səhər yeməyi hazırladı ,yedi...çay da içdi,sonra işə getdi...

Fərəh əri işə gedəndən sonra durdu,yuyundu,geyindi,pal-paltarını,qır-qızıllarını yığıb ,taksi çağırdı ,anası gilə getdi...

...Səmid işdən çıxıb evə getdi.Fərəhi evdə görməyib ,onun mobil nömrəsini yığdı.Qaynanası zəngə cavab verdi:

---Fərəh dünən axşam niyə özündən getdi,neyləmişdin ona?

Səmid baş verənləri qaynanasına danışdı...

Qaynanası telefonu söndürdü...

...Səmid qaynanası gilə getdi.O hər şeyi olduğu kimi,yerli-yataqlı qaynanasına danışdı.Qaynanası fikrə getdi...

Fərəh dedi:

--Mən daha o evə getməyəcəm...

Səmid heç nə demədi,özünə getdi...qaynanasıgildən çıxıb,evlərinə getdi...

Səmid gedəndən sonra Fərəh kövrəldi,ağladı...gözlərindən yaş getdi...Axı o Səmidi çox sevirdi.

Fərəh İbrahim xanın qızı Ağabəyim ağanın bir beytini xatırladı:

" Əfsus ki,yarım gecə gəldi,gecə getdi...

Heç bilmirəm ömrüm necə gəldi,necə getdi..."

...Fərəh beləcə yuxuya getdi.

Səhər açıldı,Səmid yenə işə getdi.

Fərəh isə anası gilə özüylə gətirdiyi "veş-vüşünü",qır-qızıllarını yığıb ,taksiyə əyləşib ər evinə ,yəni öz evlərinə getdi...

Bayram axşamıydı,Novruz bayramı...

Gözəl bayram süfrəsi hazırladı Fərəh...

...Səmid işdən çıxıb evə getdi .Mənzilin qapısını açmaq istədi,içəridən bağlıydı.

Qapını döydü Səmid.Fərəh qapıya tərəf getdi,açdı qapını...

Fərəh özünü Səmidin üstünə atdı,köksünə sığındı.

Novruz bayramı idi.Küsülülər barışır bu gün...

Səmidlə Fərəh bayram süfrəsindəki naz-nemətlərdən bir az yedilər...

Sonra geyinib bulvara getdilər...

Bulvarda gəzdilər, dəniz havası qəbul etdilər ...

Bu xöşbəxt cütlük evə qayıtdı.

Novruzu evlərində qarşıladılar.Yedilər,içdilər,dedilər,güldülər, şənləndilər...

Bayram xonçasındakı bir cüt şamı yandırdılar...

Gənc ailənin mehribançılığı yəqin Allaha da xoş getdi...

Fərəh fərəhlənmişdi,çox xöşbəxt idi,başını ərinin sinəsinə qoyub yuxuya getdi...

Novruz bayramınız mübarək!

Ramazan bayramınız mübarək!