Ağaevli Əli Hacı- DÜNƏN...

Ədəbiyyat 17:06 / 20.03.2026 Baxış sayı: 375

Həyatımda iki dəfə ölüm yaşamışam ! Hər ikisində Anamın yaşla dolu gözləri və səsi məni geri qaytarıb !

Dünən,

ölümlə üz-üzə dayanmışdım

ömrün orta mərtəbəsində.

Gecənın isti üzünə ay təzə doğmuşdu,

dənizin dalğaları boğulmuşdu

üç gün əvvəl əsən küləklərin səsindən !

Yanan meşələrin qara tüstüsü –

etiraz dalğası idi göy üzünə !

Yer üzündə rahat ölməyə yer yox idi,

gözlər danışırdı göy üzünə !

Bürküdən nəfəsim çiyinlərimdə,

şoran torpağın iyi boğzımda dayanmışdı !

Vaxt sürüyürdü arxasınca yorğunluğumu,

ağrılarım gözlərimin suyunda

günahlarımın,

savablarımın çəkisindən danışırdı !

Öz günüyçün döyüşürdü

gözdən uzaq yollarım !

Havasızlığdan can verirdi

bədən yarpaqlarım !

Dünən,

ölümlə üz-üzə dayanmışdım,

birdən,

Anamın dolu gözləri dayandı ortalığda !

Səsini eşidib,

arxasınca baxırdım,

ölümü götürüb aparırdı qoltuğunda ...!