Kəmaləddin Qədim - GÜNÜN BİRİ

Ədəbiyyat 15:21 / 20.03.2026 Baxış sayı: 391

 

Günüm, günlər içində

mənimdi günün biri.

Səmtimdi, tərəfimdi,

yönümdü günün biri...

 

Biri hurim, pərimdi,

Biri "Allah kərimdi..."

Dərdimdi, kədərimdi,

qəmimdi günün biri...

 

Birisi də əlacdı,

Üz tutdum, könül açdım...

Biri başıma tacdı,

qənimdi günün biri...

 

Ahımdı, amanımdı,

Sonuncu gümanımdı.

Lap elə imanımdı,

dinimdi günün biri...

 

Birisi quş qanadlı,

Birisi də ağ atlı.

Gəlmir Qiyamət adlı

min ildi günün biri...

Mən bu viran ölkədə,

Öldüm səfdə, cərgədə.

Gözləyirəm, bəlkə də

dirildim günün biri...