SÜLEYMAN ABDULLA : - HAQQ SÖZ, NAHAQ SÖZ

Ədəbiyyat 20:58 / 20.03.2026 Baxış sayı: 278

 

Haqq sözü demək də qorxuludur ey,

Hardasa danışmaq, nədəsə susmaq.

Deyirdik vaxt gələr düzələr hər şey,

Gəlmədi gələsi vədəsə, - susmaq.

 

Kimdi sevinc acı, kədər hərisi,

Bilən yaxşı bilir çox sərt zamandır.

Dəyməz bir şahıya haqqın dərisi,

Alçaq zamanıdır, namərd zamandır.

 

Hələ də xainin qurdu ulayır,

Hər kəsə yükləyir hər suçu satqın.

Hələ də gəşt edib meydan sulayır,

Yalançı qəhrəman, doğruçu satqın.

 

Bu nə haqq-hesabdı, adam qalır mat,

Yaltağa vəzifə, sərvət, pul-para...

Könüldən sevənə çətindir həyat,

Rahatdır düşmənlə dost olanlara...

 

Gərdişmi xarabdır, yoxsa dünya dar,

Haqqa aparası yol daşa çıxır.

Salındı ayağa igid oğullar,

Xainlər, biveclər dörbaşa çıxır.

 

Çətin azad ola ruhu əsirsə,

Burda çox asandır satmaq, satılmaq.

Çoxdur daş atanı, amma, nə sirsə,

Olmur bu məkandan daşı atılmaq.

 

 

Gerçəyi bilənlər qafa bulayır,

Kimdi seçə bilən yaxşını, pisi...

Eyvah, fərarilər meydan sulayır,

Bunun Tv-si var, onun SV-si.

 

Sona saxlamağa samanın olsun,

Zamanı gələcək... - təsəlli budur...

Amansız zamanında amanın olsun,

Haqq sözü susmaq da çox qorxuludur.