Arzu Hüseyn - Bahar gələ bu dağın da başına

Ədəbiyyat 17:44 / 20.03.2026 Baxış sayı: 339

 

 

Bahar gələ bu dağın da başına,

Bir əsirlik qarı axa, sel ola.

Ağacın da, budağın da başına,

Yarpaq ola, çiçək ola, gül ola

 

Pəncərəmin palçığını, tozunu,

Anam silə, mən qurudam, nə olar.

Bir də baxam, dönülməyən səfərdən,

Atam dönə, ev eşiyim şən ola.

 

Bahar gələ bu dağın da başına,

Sarı günəş, al üfüqü yəhərlər.

Yaşıllanan qayasına, daşına ,

Şeir yazam, nəğmə qoşam səhərlər.

 

Bahar gələ, qəlbim ola yaza tən,

Dünya-aləm gülüstana bürünə.

Buz ürəyim çiçək aça təzədən,

Yaşanmayan baharların yerinə…