Arzu Əsəd - Get ürəkdən soruş...
Cəllad! Sənin qalaq-qalaq yandırdığın kitablar
Min kamalın şöhrətidir, min ürəyin arzusu...
Söylə, sənmi xor baxırsan mənim şeir dilimə?
Qoca Şərqin şöhrətidir Füzulinin qəzəli!
Sənmi "türkəxər" deyirsən ulusuma, elimə?..
Zaman gəlir...mən duyuram onun ayaq səsini:
Şəhidlərin qiyam ruhu yapışacaq yaxandan,
Millətimin saf qanıdır qurd kimi içdiyin qan!..
Bir varaqla tarixləri, utan mənim qarşımda,
Anam Tomris kəsmədimi Keyxosrovun başını?
Koroğlunun, Səttarxanım çələngi var başımda,
Nəsillərim qoymayacaq daş üstündə daşını,
Anam Tomris kəsmədimi Keyxosrovun başını!
Bu misraları oxuduqca qonşuluqda cərəyan edən və bizim də taleyimizlə çox yaxından əlaqəli olan bu amansız müharibə fonunda bu gün 120 illiyini keçirdiyimiz böyük Səməd Vurğunun necə canlı, diri qaldığını, bizim müasirimiz olduğunu bir daha anlayıram.Hər millətin bu gününün, sabahının tarixi dilemmalarının cavabını onun dünəninin ədəbiyyatını bilmədən vermək olmaz. Ədəbi-fəlsəfi inkar dünən yaradılmışların ləğvi, yox edilməsi, ona xor baxılması demək deyil, ona zamanın doğurduğu yenilikləri qataraq onu özündə həzm eləmək, mənimsəmək, öz içinə qatmaq, özündə yaşatmaq deməkdir. İllərlə, onillərlə ədəbiyyatımızda, mədəniyyətimizdə klassiklərimizin, dahilərimizin ruhları, varlıqları ilə savaşan, onları xalqın ürəyindən, beynindən silib çıxarmağa çalışan nadan, azğın, bədxah bir zümrə törəndi və hələ də keçmişə daş atmaqla məşğuldurlar. Səməd Vurğunu daşlayan nadanlar onun yaradıcılığının əsrləri daşıb keçən poetik vüsətinin, min illərin hikmət və pafosunun sadə, aydın misraların içinə sıxıldığı böyük ümumiləşdirmə gücünün, tarixin nəbzinin döyündüyü ecazkar intonasiyasının, fərdin və millətin ən yüksək amplitudada yaşantısının, hiss-həyəcanının ifadəsi qarşısında aciz qalan, cılızlaşan ruhlardır. Yüz il sonra da tarixin amansız mübarizəsində səni məhv etməyə çalışan bir irqə "Anam Tomris kəsmədimi Keyxosrovun başını, Nəsillərim qoymayacaq daş üstündə daşını!" vüsətində cavab verilə bilməyəcək. Bir milləti tarix səhnəsində daim diri saxlaya biləcək güc həm də onun ruhuna qarışıb ürəyinin çırpıntısına çevrilən bu poetik ümumiləşdirmələrdir. Müşfiq bunu nəzərdə tutub deyirdi, "Sənətdə yer gücü, göy gücü vardır". Bu gücün, eləcə də bu ilham sahiblərinə olan ümummilli sevginin, əlbəttə, rasional cavabı var. Amma tarixin özü kimi rasionallığa sığmayan bir intuitiv, irrasional, mistik tərəfi də var. Özünün Azərbaycan var olduqca sevilə biləcəyinin cavabını da Səməd Vurğun özü vermişdir:
Qafil, bu sualın nəyə gərəkdir?
Get ürəkdən soruş, sevən ürəkdir!