Tahir  Rzayev, millət  vəkili :  - Səriştəsizlik  Gəncə  qiyamının başlıca  səbəbidir

MƏMLƏKƏT 09:34 / 05.06.2023 Baxış sayı: 2399

“1993-cü il Gəncə hadisələrinin səbəblərini araşdırarkən ilk növbədə o dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün fəaliyyətinə qiymət verməli, dövrün ziddiyyətlərini nəzərdən keçirməliyik”.

Yenises.az  bildirir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Deputat bildirib ki, Gəncə qiyamının əsas səbəbi o vaxt hakimiyyətdə olanların səriştəsizliyi, vəzifələrini layiqincə yerinə yetirməmələri, xalqın dəstəyini qazana bilməmələridir:

“Çünki bir tərəfdən torpaqlarımız işğal olunurdu, digər tərəfdən ölkədə ayrı-ayrı siyasi qruplaşmalar hakimiyyət uğrunda mübarizə aparırdılar, hərc-mərclik baş alıb gedirdi. Vəzifədə olanlar o dövrün çətinliklərini düzgün qiymətləndirə bilmirdilər.

Cənub bölgələrimizdə ayrı bir respublika yaratmaq fikrində olanlar var idi. Şimalda “Sadval”, Bakıda müəyyən qruplaşmalar aktivləşmişdi, hakimiyyəti ələ keçirmək istəyirdilər. Gəncə qiyamı məhz belə bir zamanda baş verdi. Bunun səbəbini xalqın itaətsizliyində, mübariz olmamasında görmək, xalqı günahlandırmaq düzgün deyil. Çünki hərə özünün ağalıq, hakimlik missiyasını, iddiasını reallaşdırmaq arzusunda idi. Surət Hüseynov da öz fikirlərini diktə edirdi.

İyun hadisələri vətəndaşlarımızın qətli, yaralanması, hərbi bazanın dağılması, bir sözlə vətəndaş müharibəsi kimi ağır nəticələrə gətirib çıxarmışdı. Ulu öndər hər şeyi gözə alıb Gəncəyə getməsəydi, orada qiyamın yatırılmasına nail olmasaydı, vətəndaş qırğını qaçılmaz idi”.

Deputat xüsusilə vurğulayıb ki, sovet quruluşu dağılanda bütün SSRİ dövlətlərində problemlər, qarışıqlıq yaranmışdı. Onun fikrincə, Azərbaycanda digər ölkələrdən belə  çətin, xaoslu durum hökm sürürdü:

“Səriştəsiz hakimiyyətdən baş çıxarmayanların vəzifə hərisliyi anarxiyanın güclənməsinə səbəb olurdu. AXC-Müsavat birliyinin hakimiyyətdə olması, onların qanunsuz hərbi qruplaşmaları kənarlaşdıra bilməməsi, nizam-intizama nail olmaması qiyamları, qırğınları, ölkədaxili problemləri artırırdı. Ona görə də, çətinlikdən baş çıxara bilməyən şəxslər hərəsi bir kəndə qaçıb, gizləndi.

Həmin dövrdə hakimiyyətə məhz Heydər Əliyevin gəlməsi təbii idi. Xalq bunu tələb etdi və Heydər Əliyev xalqın tələbinə diqqət edərək, ağır faciələrin qarşısını ala bildi. Bu tarixi missiya sayəsində ulu öndərimizin yenidən hakimiyyətə gəlməsi Azərbaycanı xilas etdi”.