Əbülfət Mədətoğlu - Sükutun şübhəsi...

Bir sükutu yükləmişəm içimə
Otaq boyu gəzdirirəm, nazlanır...
Elə bil ki, qar əriyir , gücümə -
Hakim olan sükut isə , yazlanır!..
Sıxır məni altdan- üstdən yer və göy
İkisinin arasında girincəm!
Həyat adlı bu zindanda sən az döy -
Mən onsuz da ,doğulandan bürüncəm!
Dəyirmanın "çax-çax"-ından yorulub
Boş qoymuram heç bir zaman dənliyi...
Nə olsun ki, son damlam da sorulub -
Sovurublar , canımdakı şənliyi...
Bəllidir ki, kədərlidi batan gün
Gecə boyu gülümsəyir doğan Ay!..
Mən dilinin ucundakı bir düyün -
Düşünəndə, onda məni ulduz say!..
...Otaq boyu gəzdirdiyim sükutun,
Hiss etdim ki, bir az qaçdı dodağı...
İnanmadı, nə zamansa tənhalıq -
Tam könüllü , unuda bu otağı!
!..