Qəşəm Nəcəfzadə : - Çayxana

Bu bəy stəkanla xanım nəlbəki,
Dingişdi, hirslənir baba samovar.
Başqa stolların adamları da,
Bir stola yığılıb: “ deyəsən söz var”.
Solub stolların ləkəsi, kiri,
Ləkələr sallanır ağ köynəyimdən.
Baxın, boşalıbdı stolun biri,
Onun sahibinə toy olub dünən.
Qadın əllərindən uzaqdı deyə,
Stolun üst- başı kömür kimidir.
Hər gün kişilərlə işlədiyindən,
Burda çayniklər də dəmir kimidir.
Getdi vəzifəyə bir dostum, indi
Katibə dəmləyən çayı tək içir.
Stəkan stolun güncündə durub,
Deyəsən könlündən intihar keçir.
Bu dəfə şay pulun mən verim- deyə,
Hamının əlləri cibinə gedir.
Hamı həm tələsir pulu verməyə,
Hamı həm də əlin yolda ləngidir.
Qonşu stollara hərdən göz vurub,
Bu çayçı neçə yol məni snayıb.
Çayın rənginə bax: samovar vurub,
Deyəsən çaynikin burnu qanayıb.