Azərbaycan   Prezidenti   dünyada sülhün və əmin-amanlığın təmin olunmasına dəstək verən siyasətçidir

SİYASƏT 21:50 / 17.04.2026 Baxış sayı: 589

 

Dünyada baş verən ciddi təlatümlər, iqlim dəyişiklikləri, müharibələr və qarşıdurmalar, eləcə də iqtisadi və siyasi böhranlar bir çox ölkələrdə yoxsulluq və qeyri-sabitlik yaradır. Bu hallar beynəlxalq ictimaiyyəti ciddi şəkildə düşündürür və müvafiq sahələrdə təsirli tədbirlərin görülməsini zəruri edir. Rusiya-Ukrayna müharibəsi, ABŞ, İsrail və İran arasında gərginliklər və digər bölgələrdə baş verən qarşıdurmalar təkcə həmin ölkələrin iqtisadiyyatına və mədəniyyətinə deyil, həm də insanların mənəviyyatına ciddi ziyan vurur.

Yenises.az   bildirir  ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

O bildirib ki, dünyada cərəyan edən son proseslər, eyni zamanda, qonşu dövlətləri də çətin vəziyyət qarşısında qoyur və onları qabaqlayıcı addımlar atmağa vadar edir. Sözsüz ki, bu cür vəziyyətlər ölkələr arasında münasibətlərin kəskinləşməsi, əməkdaşlığın zəifləməsi, fikir ayrılıqları və mövcud reallıqların düzgün qiymətləndirilməməsi ilə bağlıdır. Çünki Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, yeni dövr yeni reallıqlar yaradır. Bu reallıqları qiymətləndirilməyi tələb edir. Bu nöqteyi-nəzərdən hər bir dövlət rəhbəri dünyada baş verən hadisələrə açıq baxışla yanaşmalı və insanların taleyi barədə ciddi düşünməlidir.

Deputatın sözlərinə görə, Azərbaycanın iqtisadi inkişafı, mühüm layihələrin həyata keçirilməsi, düşmən üzərində qazanılan Qələbə və beynəlxalq nüfuzunun artması məhz balanslaşdırılmış siyasətin nəticəsidir. Bu siyasət sayəsində ölkəmiz bir çox dövlətlərin dəstəyini qazanıb və beynəlxalq arenada mövqeyini möhkəmləndirib. Prezident İlham Əliyev dünyada sülhün və əmin-amanlığın təmin olunmasına dəstək verən və bu sahədə əlindən gələni əsirgəməyən siyasətçidir. Onun tutduğu yol həm xarici ölkə rəhbərləri tərəfindən eləcə də Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Dövlətimizin başçısı daim qarşılıqlı əməkdaşlığa, münasibətlərin yaxşılaşdırılmasına, sülhün, təhlükəsizliyin təmin olunmasına xüsusi önəm verir. Bu siyasət bu gün də uğurla davam etdirilir. Qonşu ölkələrə dəstək, ehtiyacı olan dövlətlərə humanitar yardımın edilməsi və müharibədən əziyyət çəkən xalqlara kömək göstərilməsi Azərbaycan diplomatiyasının əsas istiqamətlərindən biridir. Bu fəaliyyət ölkəmizin humanist mövqeyini açıq şəkildə nümayiş etdirir.

“Azərbaycanın müharibə şəraitində olan ölkələrə humanitar yardım göstərməsi ölkəmizin münaqişələrin deyil, sülhün tərəfdarı olduğunu bir daha sübut edir. Çətin vəziyyətdə olanlara yardım etmək həm bəşəri, həm də mənəvi borcdur. Tarixi qələbə Azərbaycanın gələcəyə doğru atdığı mühüm addım olmaqla yanaşı, sülhə aparan yolun əsasını təşkil edir. Bu gün regionda sülhün bərqərar olunması və qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar göstərir ki, Azərbaycan uzun illər müharibə şəraitində yaşamasına baxmayaraq, sülhə sadiqdir”, - deyə Tahir Rzayev əlavə edib