Ayaz Arabaçı - Bir qız vardı...
Bir qız vardı həyatımda qabaqlar,
Bir gün bəbir, bir gün quzu kimiydi..
Mən balaca çırağıydım, o isə,
Qaymaq tutmuş dan ulduzu kimiydi..
Evlərinə elçi düşən çox idi,
Gözü-könlü hər mənada tox idi,
Nağılda da elə gözəl yox idi,
Kimi deyim, kimin qızı kimiydi.?! .
Mənzil uzaq,yol handaydı, at, handa..
Atdı məni, onyeddimə çatanda,
Xəyalına baş qoyurdum yatanda,
Ayılmırdım, yaz yuxusu kimiydi..
Ürəyimdə lalələnir hələ də,
Sətir-sətir namələnir hələ də,
Qulağımda nəğmələnir hələ də,
Gülüşləri bir ovuc su kimiydi..
Haqqa yetməz dua kimi batiləm,
Vurdu məni can evimdən qatiləm..
Unutmayıb mürgüləyən xatirəm,
Gülləsi də gül qoxusu kimiydi..