Tanıdığım on yaxşı kişidən biri-Nəbi Muxtarov

Nəbi Muxtarovun kimliyi barədə əlavə şərhə ehtiyac qalmır. Çünki onun Qarabağ boyda adı var. O, Azərbaycanda da kifayət qədər tanınır. Həssas oxucular söhbətin kimdən getdiyini dərhal hiss etdilər. Bəli, düz tapmısınız, bu həmin Nəbi Muxtarovdur ki, ağlı söz kəsəndən bəri həmişə demokratik ənənələrə sadiq qalıb. Orta məktəbdə oxuyanda da, tələbəlik illərində də düzlüyü, doğruluğu, mənəvi saflığı həyatının mənası hesab edib. Haqsızlığa, ədalətsizliyə qarşı barışmaz mövqe tutub. Gənc yaşlarından tay-tuşları arasında, sonralar isə el-oba içində böyük hörmət sahibi olub. Hörməti isə böyük olana deyil, insan olana göstərirlər. Nəbi müəllim hər kəsi özü kimi görən bir ürəyin sahibidir.
Mən gerçəkliyin hamı üçün bəlli olması, həqiqətin hamı tərəfindən bilinməsi naminə bu məqaləni yazdım.
Mən o kişidən yazdım ki, o, şərəfini və ləyaqətini həmişə uca tutub. Mərdanəliyi, alicənablığı ilə ad alıb-san qazanıb. Həmişə haqqın tərəfində olub. Yıxılana hay, imkansıza pay verib. Mən o kişidən yazıram ki, o sərt yox, mərd olub, zəhmətdən yox, minnətdən qorxub. Doğulduğu yerin qədrini bilib,
Mən o kişidən yazdım ki, o, həmişə yaşı minilliklərlə hesablanan, ağır-azman karvanlar qarşılayıb yola salan, qılıncı və qələmi ilə Azərbaycanın ictimai-iqtisadi, siyasi, mədəni həyatında rol oynayan, Azərbaycan xalqının tarixində, taleyində iz buraxan şəxslərə önəm verib. Vətəni üçün, eli-obası üçün xeyirli və yararlı işlər görüb.
Çöldə biləyi, eldə çörəyi ilə tanınan, qarnını deyil, adını gözləyən kişilər bir qayda olaraq əməlisaleh işlərindən qalmayıblar-onlar körpü salıblar, yol çəkiblər, su çəkiblər, ağac əkiblər, ac qarınları doyurublar-Nəbi müəllim kimi.
Nəhayət, mən o kişidən yazdım ki, bu “qüdrətdən səngərli, qalalı” kişi ilə gənc nəsil də tanış olsun. Bilsinlər ki, kişi elə anadan olandan kişidi.
Tanış olmaq istəyirsinizsə, irəli oturun, bu yazını oxuyun.
Muxtarov Nəbi Muxtar oğlu-Füzuli rayon İcra Hakimiyyətinin sabiq başçısı (1993-2011), dövlət xadimi. 1948-ci ildə anadan olub. 1966-cı ildə Xocavənd rayonundakı beynəlmiləl orta məktəbi qızıl medalla, 1969-cu ildə isə Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini müvəffəq qiymətlərlə bitirib. 1969-cu ildə Füzuli rayon komsomol komitəsinin ikinci katibi, 1971-ci ildən isə birinci katibi vəzifəsində işləyib.
1974-75-ci illərdə sovet ordusu sıralarında xidmət edib.
1975-ci ildə Füzuli rayon partiya komitəsində təlimatçı, 1976-cı ildə Füzuli rayon Həmkarlar İttifaqı Şurasının sədri vəzifələrində çalışıb.
1978-1980-ci illərdə Bakı Ali Partiya Məktəbində oxuyub. 1980-ci ildə Füzuli rayon Partiya Komitəsində şöbə müdiri, bir neçə ay sonra isə rayon Aqrar Sənaye Kombinatının baş direktoru vəzifəsində işləyib.
N.Muxtarov 1983-cü ildə Azərbaycan Respublikası Üzümçülük və Şərabçılıq Komitəsinin sədr müavini vəzifəsinə təyin edilib. Bir qədər sonra o, Respublika Aqrar Sənaye Komitəsində idarə rəisi, Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsində sədr müavini vəzifələrində çalışıb.
N.Muxtarov 1993-ücü il avqust ayının 18-də Füzuli rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib və 2011-ci ilə kimi bu vəzifəni ləyaqətlə icra edib.
Nəbi Muxtarov hansı vəzifədə çalışmasından asılı olmayaraq, tapşırılan işə vicdani münasibət bəsləyib, xeyirxah əməlləri ilə fərqlənib, Vətəninə, Xalqına sədaqətlə xidmət edib. Bunu onun keçdiyi şərəfli yol, nüfuzlu şəxslərin Nəbi müəllim haqqında söylədikləri xatirələr, barəsində yazılan çoxlu sayda məqalələr bir daha təsdiq edir.
Nəbi müəllimi yaxşı tanıyan şəxslərdən iqtisadçı Kərəm Qurbanovun dediklərindən: “Nəbi müəllim həmişə ağlının qüdrəti və amalının vəhdəti ilə hərəkət edib. Millətini, dövlətini varlığı kimi sevən, qəlbində insanlara, cəmiyyətə, xalqına qarşı əbədi sevgi, sonsuz məhəbbət gəzdirən bu insanın ürəyi cəmiyyətin saflaşmasına, düşüncələrin ülviliyinə, bəşəriyyətin inkişafına köklənib”.
Sabiq sovxoz direktoru Sehran Əliyev: “1992-93-cü ilər aclıq və yoxsulluq məqamları hamımızın gözlərimizin qarşısındadır. Hələ bu azmış kimi bir tərəfdən də Füzuli rayonu 1993-cü ilin avqustunda təcavüzkar Ermənistan ordusunun və onların havadarlarının köməkliyi sayəsində işğal olundu. Rayonun sakinləri respublikamızın müxtəlif rayon və kəndlərinə səpələndilər. Nəbi Muxtarov belə bir çətin durumda rayona başçı göndərildi.
1994-cü ilin ilk günlərindən Azərbaycan ordusu Horadiz istiqamətində əks hücuma keçərək bir neçə günün içərisində Füzuli rayonunun 20-dən artıq kəndini, o cümlədən strateji əhəmiyyətli Horadiz qəsəbəsini (hazırda Horadiz şəhəri) işğaldan azad etdi. Azad olunmuş kəndlərimizdə düşmən düşmənliyini bildirmişdi. Evlər dağıdılmış-yandırılmış və yerlə yeksan edilmişdi. Kommunikasiya xətləri sıradan çıxarılmışdır.
1995-ci ildə azad edilmiş yaşayış məntəqələrinin sakinləri doğma ocaqlarına qayıtmağa başladılar. Burada insanlar hər şeyi sıfırdan başlamalı oldular. Füzuli rayon camaatının bəxti onda gətirdi ki, rayona Nəbi Muxtarov kimi səriştəli, bacarıqlı və insaflı bir adam rəhbər göndərildi.
Rayon İcra Hakimiyyətinin başçısı Nəbi Muxtarovun səyi nəticəsində həyat öz axarına, məhvərindən çıxan çaylar məcrasına dönməyə başladı. Sakinlər tədricən öz güzəranlarını bərpa etdilər”.
Nəbi müəllim milli-mənəvi dəyərlərimizə sahib çıxaraq dədə-babalarımızdan bizlərə miras qalan yüksək keyfiyyətləri uca tutub, əsl türk kişilərinə xas olan bəşəri əməllərə hörmətlə yanaşıb. Vətənin müsəlləh əsgəri kimi qanunlarımızın keşiyində dayanıb. Kamil bir kişi ömrünü, şəxsiyyət və zaman ucalığında dayanan samballı bir kişinin həyat salnaməsini bir qəzet yazısına sığışdlrmaq mümkün deyil. Ömrü boyu yaxşılığından qalmayan, insanların qəlbində sabaha inam toxumunu cücərdən bu kişidən nə qədər yazsan, yenə də azdır.
”Bütün xidmətlərdən üstün olan tək bir xidmət var: Vətənə xidmət! Bu tək olan Allaha xidmətə bərabərdir!”- kəlamı sanki N.Muxtarov üçün deyilmişdir. Ona görə ki, Nəbi müəllim Vətəninə bağlı insandır. Ana yurdun yaxşılarını yaşatmış, yaxşılara nümunə olmuşdur. O, həm ictimai xadim kimi, həm də adi vətəndaş kimi bir çox xarici ölkələrdə səfərdə olub. Harda olubsa, Vətənini tərənnüm edib, ölkəsinə başucalığı gətirib. Hara səfər edibsə, sinəsində göz-bəbəyi kimi sevdiyi Azərbaycanımızın portretini gəzdirib. Harda olubsa, yalnız Azərbaycanı düşünüb. Yüksək kürsülərdə etdiyi alovlu çıxışlarının əvvəli də, sonu da Azərbaycan olub. Elə uğurlarını da Vətənini düşünəndə qazanıb.
Bu məqaləni yazmaqda mənim məqsədim tərənnüm-filan deyil, heç Nəbi müəllimin də buna ehtiyacı yoxdur. Mənim məqsədim bir yaxşı kişi haqqında, görüb-götürdüklərimi, suyu dəhnədən-çörəyi təhnədən götürən, ağır oturub batman gələn kişilərdən eşidib bildiklərimi, soruşub öyrəndiklərimi təndürüst edib səliqə-sahmanla qələmə alaraq gənclərə çatdırmaqdır. Onsuz da yaşlı və orta nəsil Nəbi müəllimi çox gözəl tanıyırlar. O, elədiklərini milləti üçün, eli-obası üçün edib. Bax, elə buna görə də Nəbi müəllim ictimaiyyət arasında şax gəzir, şux yeriyir. İndi belə insanlar barmaqla sayılırlar.
Şərəf və şəxsiyyəti arasında harmoniya olan bu insanın özünə və fəaliyyətinə hansı prizmadan yanaşırsan yanaş, fərq eləməz, göz önündə möhtəşəmliyi ilə diqqəti cəlb edən bütöv, kamil bir kişi obrazı canlanır.
Kimliyindən asılı olmayaraq müraciət edən insanların problemlərini diqqətlə dinləyib, imkanı daxilində onlara yardımçı olmağa çalışmaq, yenilikçi, islahatçı, tələbkar bir rəhbərin fəaliyyətinin hər bir anı, arxada qalan illərinin hər bir günü gənc rəhbər işçilər üçün örnək ola bilər. Nəbi müəllimin yaşadığı ömrün hər bir anı gənc nəsillər üçün öyrəniləsi bir məktəbdi, oxunulası bir salnamədir. Onun respublikamızın ictimai xadimləri sırasında özünəməxsus tərzdə qərar tutması da məhz yüksək keyfiyyətlərinin təzahürüdür.
Dünyanın əzəlliyini özündən, gözəlliyini gözündən keçirən Nəbi Muxtarov hazırda təqaüddədir və füzulilərin sevimlisi kimi yaşayır.
Yeri gəlmişkən deyək ki, Nəbi Muxtarov ensiklopedik bilik sahibidir. O, dünya xalqlarının ədəbiyyatını, tarixini, etnoqrafiyasını, coğrafiyasını çox gözəl bilir. Təsadüfi deyil ki, Nəbi müəllimi Füzuli rayonunun timsalında Qarabağın canlı tarixi olan şəxslərindən biri kimi dəyərləndirirlər. O, Qarabağın bugünkü tarixi ilə fəxr edir. Bu tarixi yaradan Azərbaycan Prezidentinin, Azərbaycan Dövlətinin qarşısında baş əyir.
Gözəl insan, görkəmli ictimai xadim, qayğıkeş ailə başçısı, qeyrətli vətəndaş-tanıyanlar Nəbi Muxtarovu belə qiymətləndirirlər. Mən də deyilənlərlə tam şərikəm. Əziz dostum, qardaşım Nəbi müəllimə möhkəm can sağlığı arzulayıram.
Faiq ŞÜKÜRBƏYLİ,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü