ŞƏHƏR HƏYATINA ALIŞMIR RUHUM -İdris Babayev

Ədəbiyyat 11:47 / 25.08.2025 Baxış sayı: 3008

 

Didərgin düşmüşəm eldən, obadan,

Günahkar nə yaddır, nə də ki, qohum.

Bədən şəkdən düşüb, olsa da rahat,

Şəhər həyatına alışmır ruhum.

 

Tüstüsü burulub dəyir buluda,

Həsrətdən alışıb, yanan qəlbimin.

Axtardım dərmanın yoxdur dedilər-

Məni bu çöllərə salan dərdimin.

 

Çox keçməz yiyəsiz qalan yurdumda,

Güvə, mirgə düşər gəbələrimə.

Zülümlə ,zillətlə tikdiyim o ev,

Danışar dərdimi nəvələrimə.

22.08.2025