Aida Adıgözəl : - Gələrsən

Ədəbiyyat 10:17 / 31.07.2025 Baxış sayı: 1678

Payız çatıb, bir addımda dayanıb,

sellər məni götürəndə gələrsən.

Alıb çırpıb qayalığa dalğalar

bir-birinə ötürəndə gələrsən.

 

Payız, qışı canım çıxar yollarda,

gözüm kökü saralar da, solar da

Yaz bir gəlsin, bənövşə tək kollarda,

boynubükük bitirəndə gələrsən.

 

Qarışqa tək kədər yedi bitirdi,

dodağım söz, dilim şeir şeirdi.

Bəlkə bir gün aldı biri götürdü,

yarım qalan sətirində gələrsən.

 

Zaman atlı, biz piyada a zalım,

bundan sonra nə satacaq, de alım?

Son sözün nə, ya gedmimi ya qalım?

Yoxsa bir gün itirəndə gələrsən?

 

Tənələrim ara açdı, bilirəm,

dinc durmuram, yazıb yenə silirəm.

Heç olmasa a qorxağım, ölürəm,

əcəl özün yetirəndə gələrsən...