Aqşin Yenisey : - Dili düşüncəsinin qatili olan bənzərsiz alimlər ordusu…
DAHA-dakı qısa təcrübədən çıxardığım nəticə budur ki, Azərbaycanda intellektin dili laldır.
Ola bilsin ki, bu dil akademiya, universitet divarları arasında öyrətmə işində bir işə yarayır, amma “komfort zonası”ndan çıxan kimi özünü itirir.
Canlı ünsiyyətlə qarşılaşan kimi koramal instinktiylə donur.
Bu dil, sanki, didaktik bir dəyənəkdir, kobud astagəlliyi ilə yalnız başa salmaq üçündür. İfadə etmək kimi bir dərdi yoxdur, olmayıb.
Şagirdlərimizin, tələbələrimizin öz fikrini ifadə etməkdə çətinlik çəkməsi müəllimlərimizin, elm adamlarımızın nitq vərdişlərinə yadırğamasından qaynaqlanır.
Lal adam qarşısındakının da dilini yararsızlaşdırır.
Həmişə cəmiyyətdən gizlənib deyə bu dil cəmiyyətlə canlı ünsiyyət qura bilmir. Fikir var, ifadəsi yoxdur. Sözünü balla da kəssən inciyir. Ona görə yox ki, bunu hörmətsizlik kimi qəbul edir, ona görə ki, çətinliklə qurduğu monoton axış pozulur.
Dəvə kimidir, qaçmağa başlamasıyla dayanması uzun çəkir.
Professordu, hansısa sahə üzrə fəlsəfə doktorudu, düşüncəsi azaddır, dili despot. Dilini öyrədib ki, düşüncəsini nəzarətdə saxlasın.
Bizim intellektin düşüncəsi dilinə hökm etmir, dili düşüncəsinə göz qoyur. Bizim intellekt öz düşüncəsini diliylə boğur, hətta çox vaxt boğub öldürür.
Qəbul olunan fikir budur ki, dil düşüncənin alətdir. Bizim intellektualda bunun tam əksi baş verib. Onun düşüncəsi dilinə alətlik edir. Dil vəzifənin, ictimai gözləntinin, hətta pencəyin istəklərinə uyğun düşüncəni hara yönəldirsə, düşüncə də ora götürülür.
Dili düşüncəsinin qatili olan bənzərsiz alimlər ordusu…