Vahid Paşayev - Darıxmağa ellikcə son qoyaq!

YAZARLAR 12:45 / 05.09.2025 Baxış sayı: 2550

...doğulub boya-başa çatdığın torpağın,yerin,yurdun insanı özünə cəlb etməsini bu qədər dərindən hiss etməmişdim.Düzdür özümüdərk edən vaxtdan ayaq basdığım torpağın,o torpaq üstündə bərqərar olan kəndimin vurğunu olmuşam,amma o yurd yerinə bu dərəcədə bağlılığım məni indiki kimi göynətməmişdir.

O vaxtdan--ağlım kəsməyən uşaqlıq dövründən ailəmizdən ayrı düşüb qonşu,ya da qohum evində gecələmək mənim üçün əzaba çevrilirdi.Hətta bəzən xəstəliklə bağlı kənddən xeyli kənarda yerləşən rayon mərkəzindəki xəstəxanada müalicə almaq,üç-dörd gün orada gecələmək mənim üçün məşəqqətə dönürdü.

Kasıblığın üzü qara olsun,...əlavə xərcdən azad olmaq üçün rəhmətlik atam aşağı sinifdə oxuyarkən məni kənd məktəbindən çıxarıb rayon mərkəzindəki internat məktəbə qəbul elətdirdi.İki gün keçməmiş gecəylə qaçdım o məktəbdən,gəldim evə,sarıldım anama,atamdansa samballı bir sillə yedim,xeyli də danlaq yiyəsi oldum,...darıxırdım axı.

...hələ ali məktəbə qəbul olmaq üçün Bakı şəhərinə yollandığım vaxt qəbul imtahanlarına bir həftə qaldığından və qohum evində gecələmək dözümüm olmadığı və darıxdığımdan gəldiyim qatarla da geriyə--kəndə dönməyim tay-tuşlarım arasında gülüş doğurmuş,istehza ilə məni lağa qoyanlarda olmuşdu.Dözə bilmirdim doğma kənd,doğma evimizdən kənarda gün keçirməyə,səbrim çatmırdı,darıxırdım.

Mən bu gün də anlaya bilmirəm,anlaya bilmirəm ki,iki illik əsgəri xidmətimi alman torpağında necə başa vurmuş,vətən ayrılığına necə dözmüşəm.

İndi-indi başa düşürəm ki, bu Allahın öz bəndəsinə əta etdiyi səbrin genişliyindən qaynaqlanırmış.

Mənə görə torpaqdan ayrı düşüb,yurd yerinə həsrət qalmaq güclü dalğaların vurub sahilə,qum-çınqıl üstünə atdığı,son nəfəsdə ağızlarını açıb-yuman,axır gücünü toplayıb atılıb-düşən balıq həyatı kimi bir yaşamdır.

...otuz ildən çoxdur ki,şimal qonşumuzun quyruqladığı,bizi yalnız sərhəd dirəklərinin ayırdığı qərb qonşularımızın əli ilə yerimizdən,yurdumuzdan,torpağımızdan,doğma ev-eşiyimizdən didərgin salıb məcburi köçkün həyatı yaşamağa necə dözdük,yəni səbrimiz bu qədərmi geniş imiş?Tapdaq altında olan torpağımız üçün darıxmadıqmı?Dünyada hər şeyin həddi-hüdudu,ölçüsü-biçisi var. Halal elindən,obandan nə qədər ayrı düşüb səfil kökündə yaşamaq olar?

Fikir-xəyal içində çabalayarkən düşünürəm.Bir neçə günlüyə yad evdə,dost,qonşu evində gecələməyə qərar tutmayanlar üç onillik boyu necə dözdülər bu ayrılığa?Darlxmadılarmı doğma yurd yeri üçün? Mənsə yaman darıxıram.Və hətta qorxuram,...qorxuram ona görə ki,əvvəllər hərbi,sonralarsa kənd təsərrüfatı üçün nəzərdə tutulmuş ağır texnikası olan ,,fərasət sahibləri" evlərimizdən qalan xarabalığı yerlə bir edərək düzənliyə döndərib əkin sahəsinə çevirsinlər,yurd yerini axtarıb tapmaqda sakinlərə əl yeri qoymasınlar.

Allah o günlərdən hifz etsin bizləri.

Darıxmağa ellikcə son qoyaq!