Arzu Əsəd- Bu alim anlamırmı ki,
Tarix elmləri doktoru Elnur Nəsirli Şah İsmayıl haqqında ağla gələn-gəlməyən şeylər danışır. Tarixi faktları bir tərəfə qoyuram, elm adamı olacaq bu adamın üslubu, tonu tarixi həqiqətlərin çatdırılmasına yox, Şah İsmayıla rəğbət bəsləyən ölkə əhalisinin çoxluğunu qıcıqlandırmağa hesablanıb.
Təsəvvür edin, bir kimyaçı alim çıxış edir və deyir ki, mən hidrogenə nifrət edirəm, helium daha yaxşı elementdir. Yaxud bir riyaziyyatçı deyir ki, sinusun atasına lənət, kosinus yaxşı funksiyadır.
Bir tarixçi, özü də elmlər doktoru haqqında danışdığı tarixi hadisələrə, şəxsiyyətlərə münasibətini - nifrətini belə naşı şəkildə ifadə etməməlidir. O hadisə və şəxsiyyətlər tarixçi üçün bir elmi predmetdir. Tarixçi çalışmalıdır ki, mümkün qədər mənbə və məxəzləri çatdırmaqla elmi həqiqəti ifadə etsin. Beş yüz il bundan əvvəl bu dünyanı tərk etmiş bir tarixi şəxsiyyət haqqında bu qədər kin, nifrət aşılamaq bir alimin nəyinə gərəkdir?
Bu alim anlamırmı ki, Şah İsmayıl ömrünün sonunda, otuz yaşı ərəfəsində "özünü içkiyə verib", içkidən serroz olub ölüb dedikdə bu, tamaşaçıda hansı reaksiyaları doğura bilər?
O vaxt Şah İsmayılı uzi eləmişdilər, qanının analizini etmişdilər ki, belə dəqiqliklə, lap elə ehtimalla və heç bir mənbə göstərmədən bu ifadə olunur?
Elmi həqiqətin ifadəsi belə olmur! Elmi prinsipiallıq belə olmur!
Adam iki tarixi şəxsiyyət haqqında danışır, çox hörmətsiz şəkildə deyir ki, Şah İsmayıl içkidən serrozdan ölür, sonrakı cümlələrində də ifadə edir ki, "Yavuz Sultan Səlim dünyasını dəyişir, Allah ona rəhmət eləsin". Bir tarixçi bu qədər tərəfkeş, tutucu, məzhəb ehtirasına düşkün, qeyri-obyektiv olmamalıdır.
Bir tarixçi özünü aldatmanın qurbanı olaraq tarixin uzaq və mürəkkəb dövrlərinin doğurduğu mürəkkəb suallara belə bəsit yanaşma ifadə edəcək dərəcədə naşılıq göstərməməlidir.