SÜLEYMAN ABDULLADAN İKİ ŞEİR

Ədəbiyyat 06:51 / 07.09.2025 Baxış sayı: 1890

AYAQ-BAŞ ŞEİR

Göydə bulud baş-ayaqdı,

Başdakı nəydi ayağa.

Yağanda daş başa yağdı,

Dəyəndə dəydi ayağa.

 

Şərdən utanan üz idi,

Şərt bir idi, dərd yüz idi.

Başa çatmağa düz idi,

Yol başı əydi ayağa.

 

Baxmayıb daşına, gəlin,

Ölümün aşına, gəlin.

Özgənin başına gəlin,

Özünə bəydi ayağa.

YANA ŞEİR

Zaman çoxdan keçib məni,

Gün-saat səndən yanadı.

Baxma ölüm seçib məni,

Bu həyat səndən yanadı.

 

Cığal çıxdı ömrün tabı,

Çat veribmiş səbrin qabı.

Adı murad mənə yabı,

Köhlən at səndən yanadı.

 

Heyf, səni üzdüm-üzüldüm,

And günü səfə düzüldüm.

Turş kədərə acı güldüm,

Şirin dad səndən yanadı.

 

Tanrı işi nəfə deyil,

Zərəri ilk dəfə deyil.

Bir yol mən tərəfə deyil,

Yeddi qat səndən yanadı.