Ayaz Arabaçı : - İndi hər şey mənasız.

YAZARLAR 11:30 / 30.07.2025 Baxış sayı: 3174

Bir vaxtlar heç belə düşünməzdim. O qədər işıqlı ümidlər, sonsuz üfüqlər vardı ki..

Adam gənc olanda, həyatın nə qədər qaranlıq, nə qədər sarsıdıcı ola biləcəyini ağlının ucundan belə keçirmir. Fikri-zikri əyləncələrdə, qızlarda olur. Hesab edir ki,heç qocalmayacaq, zaman sadəcə bir axındır, onu da məğrur addımlarla keçib gedəcək. Halbuki zaman sənə hiss etdirmədən səni yavaş-yavaş udan bir timsahdır.

Çöldə hava isti və cansıxıcıdır. Bir yana çıxmağa həvəs yox. Otağım tör-töküntü.. Orda-burda səpələnmiş kitablar..Bir vaxtlar nə zülmlə əldə etmişəm bunları, indi hərəsi bir tərəfdə, biri ağzıüstə, biri dalıüstə..

İndi hər şey mənasız.

Deyəsən kainat da bir boşluğun içində, bir mənasızlığın içində hamı kimi başını girələyir. Dərin fikirlərə qərq olmuş hambalsayağı ağlıma gələn şeylər üşəndirir məni. Deyəsən mənalı sandığımız hər şeyi yalnız yaşamaq üçün uydururuq. Heç bir məqsədimiz yoxdur, ya da varsa biz bilmirik.

Pəncərəni açıram, çöldən isti hava dolur. Kaş bu hava qışda dola deyirəm, çöldən qaz sayğacının ironiyalı qəhqəhəsi gəlir)

Zamanla hər şey dağılır:

İnanmağa Bir şey qalmır,

Sevdiklərin yoxa çıxır,

İçindəki məsum hisslər ölür.

Qalır yalnız səninlə hesablaşmayan bir dünya və hər gün bir az da zəhlən gedən güzgülər.

Və günlər Cəbiş müəllimin arvadının bağrına basdığı tank kimi üstündən keçir.

Pəncərə hələ açıq.. Kondisionerin sərin havasından çölə ərməğan edirəm.

Yoldan bir qırmızı jiquli keçir, necə deyərlər polnu xodda:

Görəsən dünyaya nöş gəlib insan.

Axmaq fikirlərin cilovunu buraxmışam:

-Bəlkə də bu həyat deyil,onun kölgəsidir.

Düşünürəm, bəlkə insan yalnız anlamadığı şeylərlə yaşayır və başa düşdüyü anda hər şey ölür. Uşaqlıq niyə gözəl idi? Çünki heç nəyi anlamırdıq, heç bir şeyi başa düşmürdük.

İndi isə hər şeyi anlayacaq qədər bezmişik.

Və bu əslində ölümə yaxın olan yeganə həqiqətdir..

Bir vaxtlar heç belə düşünməzdim...

Deyirlər ki, həyat bir imtahandır, bir tapşırıqdır onu tamamlamalıyıq. Amma bu mənasız bir yalandır.