Firuz Mustafa - Z A M A N
Zaman. Onu insanlar kəşf edib. Əgər insan yoxsa, zaman da yoxdur.
Zamanın öz hüdudu, öz sərhəddi, öz ölçüsü olur.
Biri var hamı üçün olan zaman, bir də var təklərə aid olan zaman.
Ölçülü-biçili zaman, standartlardan uzaq zamandır.
Mənim Öz zamanım var. Mən daha çox o zamanın içində yaşamıram, əksinə, o zaman mənim içimdə yaşayır.
Yanımızdan, yəni yan-yörəmizdən keçən zamanın bizə dəxli yoxdur. Bizə məxsus olan zaman içimizdəki, başımızdakı zamandır. Bu zamana isə elmdə adətən Sosial zaman deyirlər.
Zaman amansız bir dəyirman daşı kimi maddi olan hər şeyi altına salıb və ya cənginə alıb əzir, üyüdür. Bu amansız “maddi zamandan” yalnız mənəvi, ideal olan nəsnələr kənarda qalır.
Mütləq Zaman heç bir vaxt, heç bir yalana aman vermir. Həmin zaman daim həqiqətin yanında olur.
Zamanla yanaşı bir “zamansızlıq” fenomeni də var. O, zamana meydan oxuyanların "zamanı" və yaxud zəmanəsidir.
“Zaman”adlı bir pyesim də var. Zaman tərsinə oxunanda “namaz” alınır. Elə mənim əsərimin qəhrəmanının taleyi də daim tərsinə “oxunur”.
Öz zamanınızı yaşayın.
Zamanı ötüb keçmək faciə, zamandan geri qalmaq isə məzhəkədir.
Zamansızlığa üz tutun.
...Zaman bir şeyi sübut edib: sosial zəlzələlər ərəfəsində çoxlu pravokatorlar, fırıldaqçılar meydana çıxır. Təbiətdə də belədir: vəhşi heyvanlar zəlzələnin olacağını əvvəldən bilib öz varolmaları üçün əvvəlcədən ciddi hazırlıq “işləri” görürlər.
F.M.
p.s. Bilirəm, indiki oxucular daha çox "yüngül", şouvari yazıları daha həvəslə oxuyurlar. Amma və lakin... Arada belə yazılara da ehtiyac duyula bilər...