Musa Yaqub - PAYIZA BAXIRAM
Bu gün duyğum oyaq, düşüncəm oyaq,
Bu gün çox arxayın, çox soyuqqanlı,
Bir az dərdi-sərdən, qayğıdan uzaq
Dayanıb beləcə payıza baxdım.
Baxıram…
Payızın nəyi olacaq?-
Ələnən ələyi,
Solan çiçəyi,
Soyuyan torpağı
Düşən yarpağı.
Ayaqlar altında xəzəl o ki var,
Tapdayır adamlar, keçir adamlar,
Hə, bax, o gedəndi, o da gələndi…
İki cavan baxır biri-birinə
Bir də belə baxa bilməyəcəklər,
Necə ki, mən durub baxıram indi.
Yəqin ki, indiki vaxtın yerinə
Heç vaxt belə baxmaq olmayacaq, yox.
Yəni o su gəlib bu arx dolacaq,
Amma bu su ilə doymayacaq, yox.
Orda bitməyəcək o solan çiçək,
Torpaq o xəzəli ayıltmayacaq.
Düzdür, hələ min-min payız gələcək,
Amma heç bu payız qayıtmayacaq.
Həyat qəribədir, yaman qəribə,
Həm düşməyib, həm də düşüb qəlibə.
Dayanıb baxıram, bu qoca dünya
Doğrudan heç günah dünyası deyil.
Zər-ziba, nə bilim yığıb toplamaq,
Bu dünya heç tamah dünyası deyil.
Bu əsəb, bu qəzəb, bu nifrət, bu kin,
Bu döyüş, bu silah dünyası deyil.
Yamanlıq eləmək dünyası deyil,
Nə bilim, bu mənim, hə, bu da sənin -
Ya qarın, ya yemək dünyası deyil.
Ömrün işi böyük, uca, qəribə,
Həm düşməyib, həm də düşüb qəlibə.
Bu dünya, bu dünya…
Qurtardı sözüm,
Özüm dediyimə mat qaldım özüm.
Budaqlar içindən çıxıb qəfləti,
Yox, çinar yarpağı deyil o düşən;
Məhsəti xanımın tanış surəti
Gördüm ki, payıza baxır pərişan.
Bəlkə də o baxır, mənəm sehrdə;
Onun da payıza baxdığı yerdə,
"Fələyin damından ucaldı bir səs;
Bu dünya bir saman çöpünə dəyməz".