Məmməd Qədir - Çatmır

Ədəbiyyat 08:42 / 04.11.2025 Baxış sayı: 852

 

Bir ömür can qoyub dərd qazanmışam,

Vallah,qazandığım toylara çatmır.

İndi əkilənlər yandan cücərir,

Rişəsi köklərə, soylara çatmır.

Vurmuşuq min yerdən yara torpağa ,

Tapmırıq bir əlac, çara torpağa,

Nə dizim _ çökdüyüm qara torpağa,

Nə də uca boyum boylara çatmır.

 

Aşiq pərvanələr odda soyuyur,

Qara daşa düşən adda soyuyur,

Kamanda ağlayır, udda soyuyur,

Mənim əzablarım neylərə çatmır.

 

Susub dünyanın dörd cəhəti məndə,

Vallah, Məcnunluğun son həddi məndə,

İtir bu dünyanın sərhəddi məndə,

Yer göyə can atır, göy yerə çatmır.

 

Bu dünya özünü çox pis aparır,

Tamahkar aparır, həris aparır,

Şeytan oğurlayır, iblis aparır,

Mənim dualarım göylərə çatmır...