Əbülfət Mədətoğlu - Hələki Bakıdayam...

Bu gün Bakının yayı təkcə günəşin yandırması ilə deyil, həm də Bakının asfalt küçələrinin od püskürməsi adamın bütün əhval-ruhiyyəsini alt-üst edir. Lap obrazlı desəm, göydən də od tökülür, yerdən də od qalxır. Belə məqamda bəzilərinin klima, bəzilərinin kondisioner kimi təqdim etdiyi cihazın da sözü boğazında qalır, hayımıza çata bilmir. Amma soyuq su satanların işi başdan aşır. Necə deyərlər, suyu soyutmağa macal tapmırlar. Nə isə...
İndi öz-özümə fikirləşirəm ki, günün bu günündə, bu saatında, bu anında mənim doğulduğum kənddə, beş barmağım kimi tanıdığım bulaqların başında əyləşsəm nə bu isti yadıma düşər, nə də bu istinin əli gedib oralara çata bilər. Çünki o yerləri, o bulaqları dağlar da, meşələr də, elə Allahın özü də böyük lütflə qoruyur. Ona görə də soyuq bulaqların bumbuz suyu dodaq göynədir və o göynərti adamın təkcə canından deyil, yadından da istini bütünlüklə çıxarır.
Əslinə baxanda isti, ilıq anlayışları həm gərəklidi, həm də müəyyən bir zərurətdi. Çünki adamın evi, ocağı isti olanda, ətrafında ilıq münasibət olanda və o bu istiliyin, bu ilıqlığın içərisində yaşayanda həyat da mənalı olur, onun həyatı da. Çünki onu anladıqları kimi o da anlayır, onu duyduqları kimi o da duyur. Və sonda ortaya mükəmməl bir insan həyatı qoyulur. Elə bir həyat ki, onun hər anında yaşamın, sevginin cizgiləri, eləcə də zamanın ştrixləri özünü göstərir. Bunu yaşayan da əlini ürəyinin üstünə qoyub rahatlıqla arxada qalan günlərin təkcə təəssüfünü yox, həm də təəssüratını yaşayır. Deməli, böyük Səməd Vurğunun dediyi kimi, "çörək bol olarsa, basılmaz vətən" çağırışını müasirləşdirsək, zamana uyğunlaşdırsaq, lap elə bu yazının yazıldığı anın notlarına kökləsək, onda deyə bilərik ki, "istilik bol olarsa dözümümüz də artar. Axı biz dözümlü xalqın nümayəndəsiyik!"
Söhbət dözümdən düşərkən qoy imkandan istifadə edib bir az özümü tərifləyim. Zarafat deyil, həm bu istiyə dözürəm, həm bu istinin yaratdığı problemlərə. Üstəlik bu istidə həm yazı yazıram, həm yazı oxuyuram, həm də ən vacibi iç dünyamdakı səni sevirəm. Deməli, mənim dözümüm digərlərinin dözümündən ən azı 20dəfəçoxdu. İndi özün hesabla dözümümün həcmini. Sən onu hesablayana kimi mən sənə bir şeir deyim:
Səndə sevgi oyananda
Məni torpaq isidəcək...
Gözlərinin oxşadığı -
Quru yarpaq isidəcək!..
Nə çəkirəm Allah bilir
Kipriyimi külək silir...
Daş da səndən tez isinir -
Düşsə qor, bax isinəcək...
Bir insaf et, düşün məni
Bil, mən varam - düşünməli!..
Toparlasan düşüncəni -
Soyuq gorgah isinəcək!..
Bu isti havada adam bəzən telefona da cavab verməyə ərinir. Ən dəhşətlisi iş və ev telefonlarıdı. Çünki orada nömrə görünmədiyindən zəngin kimdən gəldiyini təxmin edə bilmirsən və məcbur olub dəstəyi qaldırırsang Və bütün problem də elə bundan sonra başlayır...
Hansısa bir uzaq qohum, tanış, lap elə qapı qonşu telefonun o biri ucunda əsnəyə-əsnəyə havalardan başlayıb dənizdən keçib bütün şəhəri, bütün ölkəni dolaşandan sonra axırda soruşur ki, müəllim, sən bilərsən, bu istilər nə qədər davam edəcək?
Bax belə bir məqamda dişini dişinə sıxıb dinlədiyin bu adama deməyə söz tapmırsan. Hətta əsəbi bir şəkildə hərdən zarafat da etmək istəyirsən. Məsələn belə:
- Bağışla qonşu, Allahın telefon nömrəsini itirmişəm. Öyrənən kimi soruşub sizə məlumat verərəm.
Bəli, bu mənim demək olar ki, hər gün eşitdiyim sualın qarşılığında tək-tək adamlara verdiyim cavabdı. Amma neyləyəsən ki, həmin anlayışlı adamlar da bir az keçəndən sonra yenə həmin o mövzuya qayıdırlar. Bax onda mən tam şəkildə əmin oluram ki, Bakının, yəni Bakının yayının istisi bizi altdan-üstdən qaynadır. Elə "qaynadığımıza" görə də yaddaşımız əriyir. Eyni sualı, eyni sözü təkrar edirik. Özü də necə gəldi. Yenə nə isə...
Hə, günəşin bütün gücü ilə od səpdiyi bir məqamda şəhərin bir ucundan o biri ucuna gedirəm. İnsafən bu yollarda maşınların sayı o qədər də çox deyil. Amma tək-tək maşınların ya bütün şüşələri qaldırılıb, içəridə klima işləyir, ya da bütün şüşələr endirilibvə maqnitofon bütün gücü ilə bağırır. Bax, mənə elə gəlir ki, həmin o maqnitofonu "bağırdan" bu üsulla maşının içərisindəki istini qovur, özünü sərinlədir. Əks halda, adam gərək kar ola ki, o səsi, o bağırtını eşitməyə. Bu da şəhərimizin bir özəlliyidi. Əgər nə vaxtsa, kimsə şəhərimizin yay özəlliklərindən yazmaq istəsə, bundan da istifadə edə bilər. Tam səmimiyyətlə hər kəsə bu fikri istifadə etmək haqqını bağışlayıram...
Deməli, şəhərdə yaşadığım Masazır ərazisində hərdən elə bürkü olur ki, necə deyərlər, yarpaq da tərpənmir. Onda məcbur olub kənd məzarlığına üz tuturam... Çünki burada sükut və hava axını var... Üstəlik şair Məmməd Aslan da burada uyuyur...Onunla anlaşmaq mənə bir rahatlıq gətirir...Xəyalım qanadlanır...Dərələrdən...təpələrdən sel kimi...yel kimi... ruh kimi keçib gedirəm –üzü Qarabağa! Yönü Tuğa doğru... Bu əslində getmək yox, qaçmaqdı, uçmaqdı! Kaş ki gerçək olaydı... kaş ki!!! Axı indi o yerlər cənnətdi...
Bu kənd uşaqları yaman dəcəldi
Ağaca dırmaşır, daşa dırmaşırg
Yapışıb qartalın caynaqlarından -
Zirvədə səs yetməz qaşa dırmaşır...
Gah qoyun otarır, quzu səsləyir
Dərəni düz keçir, düzü səsləyir...
Dünənə boylanıb bizi səsləyir -
Yanında xatirə - qoşa dırmaşır...
Şəlalə altında yuyunub çıxır
Ən hündür budağa yüyürüb çıxır...
Böyük qarşısına buyurub - çıxır!
Gizlənmir, nə də ki, başa dırmaşır...
Əbülfət gördüyün, bildiyin yazır
İllərin yadından sildiyin yazır…
Haradan haraya gəldiyin yazır -
Hərə də seçdiyi tuşa dırmaşır!..
Bütün yazı boyu təbiətlə necə deyərlər, vuruşduq, əlbəyaxa olduq. Günəş gücünü göstərdikcə artıq qan-tərə batdığımı özümdən başqa hamı da görürdü. Hətta kiminsə özümə zülm etdiyimi düşünüb mənə çox rəhm dolu bir nəzərlərlə baxdığını, hətta o baxışlarla "özünə yazığın gəlsin!" dediyini anladım. Amma yenə səmimiyyətlə etiraf edim ki, vallah-billah Bakının bu istisində rəhm də heç bir işə yaramır. Ən yaxşı rəhm sərin bir yer tapmaq, cibə beş-üç manat qoyub Bakını tərk etməkdi. Təəssüf ki, bu da xəyaldı, arzudu. Düşünürəm ki, daş üstündə ot bitirən Tanrı nə vaxtsa bizim qəbildən olanların da istəyini çin edər. Yəni biz də yol çantamızı atarıq çiynimizə və deyərik - Getdik eee!!!!
Hə, hələki getməmişəm. Hələki Bakıdayam...
Hə, isti öz işini gördü. Biz də, yəni mən və bilgisayar yazarımız Gülər xanım düşündüklərimizi birtəhər sizə çatdırdıq. Xoşunuza gəlsə