Arzu Əsəd : - dövlət başçımızla niyə iftixar etməyək?
Ağlı başında olan, siyasətdən azacıq da olsa başı çıxan hər bir adama gün kimi aydındır ki, hər hansı bir dövlətdə hansı idarə üsulunun olub olmaması o ölkənin ictimai-siyasi inkişaf tarixindən, geosiyasi mövqeyindən və sair bir çox obyektiv-subyektiv şərtlərdən asılıdır. Bu şərtləri nəzərə almadan daim tutuquşu kimi "demokratiya-demokratiya" demək təfəkkür əlaməti deyil.
Kim deyə bilər ki, son iyirmi ildə Çində demokratik üsul-idarə olsa idi, Cin bu günkü mövqeyinə gəlib çata bilərdi? Qonşu dövlət Gürcüstanda narıncı inqilabla hakimiyyətə gəlmiş Saakaşvili indi haradadır, Gürcüstanın hazırkı durumu necədir? Demokratiyanın hakimiyyətə gətirdiyi Paşinyan Qarabağı əldən verməklə hələ ki, öz ölkəsindən çox, yalnız bizim üçün yararlıdır. Azərbaycanda bir ovuc adam gecə-gündüz "demokratiya" deyib çığırır, tiranlıqdan, diktaturadan danışırlar. Bu illər boyu bu ölkədə yaşayıb bütün siyasi hadisələrin şahidi olan çoxumuz da bilirik ki, hakimiyyət həmin "demokrat"ların əlində olsa idi, nəinki Qarabağı qaytara bilərdik, əksinə Azərbaycan dağılıb parçalana, xəritədən silinə bilərdi.
Mən heç kimin şəxsiyyəti haqqında artıq-əskik söz deməmişəm. Hər bir adamın tutduğu yola, mübarizəsinə hörmət etmişəm. İnkişafda olan hər bir ölkə üçün daxili mübarizənin də labüd olduğunu düşünmüşəm. Hansı cəbhədə olmasından asılı olmayaraq oponentlərinə qarşı qurşaqdan aşağı zərbə vurmaq istəyən, söyüş, təhqir, nalayiq leksikonla danışanları heç sevməmiş, onlara qoşulmamış və onlarla bir cərgədə olmamağa çalışmışam. Sadəcə anlayıram ki, söyüş, təhqir, nalayiq leksikon düşünməyə, konstruktiv mübahisə və müzakirələrə, dialoqa mane olur.
Sağlam mübahisə və müzakirələrdən keçməyən hiss və düşüncələr isə ictimai şüurda düyünə, nevroza çevrilir və zamanla bunun ağrısını-acısını bütün cəmiyyət və dövlət yaşayır. Qəribə burasıdır ki, bu gün Azərbaycan müxalifətini təmsil edən şəxslər, onların təbliğat və təşviqat işlərini aparanlar da ictimai-siyasi mübarizənin əlifbası olan adi həqiqətləri öz çıxış və davranışları ilə bərtərəf edirlər. Yeri gəldi-gəlmədi Azərbaycan ziyalılarını, intellektuallarını "yaltaq", "yal dibi yalayan" kimi ifadələrdən tutmuş çox kəskin təhqir və söyüşlərə qədər yolverilməz ifadələrə məruz qoyan bu proqramlaşdırılmış tünd sirkə qabları anlamırlar ki, bununla yalnız və yalnız insanları özlərindən uzaqlaşdırırlar. Anlamırlar ki, siyasətə acıq çıxmaq üçün, nifrət, kin püskürmək üçün gəlmirlər.
Hələ-hələ demokratiyadan danışan müxalifətin işi insanları özündən uzaqlaşdırmaq yox, özünə yaxınlaşdırıb kəmiyyətlərini, saylarını artırmaq olmalıdır. Qarabağın alınmasında İlham Əliyevin rolunu qeyd etmək niyə yaltaqlıq olsun? Dünyanın ən böyük superdövlətinin paytaxtında, Ağ evdə Tramp kimi söz, davranış və hərəkətləri proqnozlaşdırıla bilməyən bir liderlə bütün Azərbaycan xalqını təmsilən parlaq, qürurlu, dərin təfəkkür və cəsarətin ifadəsi olan ünsiyyət quran, canımızdan, qanımızdan olan bir dövlət başçımızla niyə iftixar etməyək?
Ona görə ki, siz yaltaq deyəcəksiniz?
Ona görə ki, bu gün bu millətə bu iftixar hissini yaşadan sizin hakimiyyət uğrunda mübarizə apardığınız şəxsdir?
Niyə anlamırsınız ki, millət öz qürurlu anlarında həm də sevinməli, ona bu qüruru bəxş edən fərdi ilə iftixar etməlidir. Bu normal, təbii münasibəti, qürur, iftixar hissini niyə yaltaqlıq adlandırırsınız?
80-ci illərin sonu, 90-cı illərin əvvəlində ölkə ziyalılarını bu və ya digər dərəcədə aşağılayıb, təhqir edib, hərəsinə bir cür yarlıq yapışdırıb ictimai-siyasi mübarizədən uzaqlaşdırmaq, beləliklə də, nəticə etibarilə öz oturduğun budağı kəsmək, öz sayını, kəmiyyətini azaltmaq, sadəcə kiçik saylı bir marjinal qrupa çevrilmək kimi səhvləri indi niyə təkrar edirsiniz?
Bu illər ərzində həyatdan, tarixdən heçmi dərs almadınız?