"küçədə meyiti tapıldı - yazdı Arzu Əsəd 

Gündəm 10:58 / 14.08.2025 Baxış sayı: 3215

"...küçədə meyidi tapıldı" nə ifadədir? Lap tutaq ki, bunu biri belə yazıb, arxasınca digərləri niyə bu şəkildə tirajlayır? Insanlar ən müxtəlif şəkildə ən müxtəlif yerlərdə ölə bilərlər.

Kəramət Kəramət müasir dövrümüzün dəyərli, özünəməxsus, bütöv bir ədəbi nəslin təmsilçilərindən olan şair idi. Həyatını əksəriyyətimiz kimi mövcud şərtlərlə yaşayan, övladlarını tərbiyə edib böyüdən, özünün bütün atalıq, insanlıq, vətəndaşlıq vəzifəsini ləyaqətlə yerinə yetirən bir şəxs idi. Yaşının elə vaxtı idi ki, azad və sərbəst yaşamağı sevirdi.Dostlarla oturub yeyib-içməyi, deyib-gülməyi, mübahisə etməyi sevirdi. Əliaçıq, səxavətli, qayğıkeş, məğrur insan idi.

Tez-tez xaricə övladlarının yanına gedər, bir müddət orada qalıb qayıdardı. Ədəbiyyat haqqında öz xüsusi mülahizələri vardı. Prinsipial idi. Hər birimiz kimi, insan kimi başqalarına həm müsbət, həm mənfi görünə bilən xasiyyətləri vardı. Bir həqiqi şair nə vaxtsa yazacağı bir şeirə, hətta bir misraya görə bir ömrü, bir vəzifəni, böyük bir sərvəti qurban verən, qurban verə biləcək şəxsdir. O misra, o misralar isə bir xalqın iləl-əbəd heç bir dəyərlə biçilməyən sərvətidir.

O misraları yaratmaq adi həyat çərçivəsində mümkün deyil. Şair taleyinin başqa talelərdən fərqi də məhz bundadır ki, o başqaları kimi öz həyatını, balalarının həyatını qurmaq üçün yalnız hesablanmış, iradəli, son dərəcə rasional ömür sürə bilməz. O öz daxilindəki avtonom yaradıcılıq kompleksini həmişə özü idarə etmir, bir çox vaxtlar da özü həmin kompleks tərəfindən idarə olunur. Məhz bütün dövrlərdə bütün cəmiyyətlər tərəfindən şairlərə, eləcə də digər yaradıcı sənətkarlara onların azad, sərbəst yaşam tərzləri bağışlanılıb.

Bu o qədər əyani, bilinən, elmi-psixoloji məsələdir ki, hətta bir cəmiyyətdə şair azad və sərbəst düşüncə və yaşam tərzinə malik deyilsə, cəmiyyət həmin şəxsin həqiqi sənət əsərləri yaratmasına şübhə ilə yanaşır.

Getdikcə meşşanlaşan, vulqarlaşan bizim cəmiyyətin bütün dəyərləri, meyarları alt-üst olduğu kimi yaradıcı adama münasibət də dəyişib. Hətta daha az istedada malik biri öləndə onun cəmiyyətdəki mövqeyinə, vəzifəsinə, əlaqələrinə görə çox təntənəli nekroloqlar yazılır, üfürə-üfürə mərhumun şəninə yaraşan sərlöbhələr seçilir, hələ basdırılmamış təsəvvürlərdə fəxri xiyabanda qəbri qazılır, daha istedadlı, lakin elə məhz bu istedadının nəticəsi olan adi, normal, bir az da asi, üsyankar, acılı tale yaşayan sənətkar öldükdə isə onun həyatının yekunu belə bir sərlövhə olur: "küçədə meyiti tapıldı". Görünən budur ki, bu cəmiyyət hələ təmizlənəcək, meyarları yerinə oturdulacaq, katarsis keçirəcək dərəcədə məhşərdən keçməyib.

Allah sonumuzu xeyir eləsin!