Sevinc Qərib : - RUHUNU SƏR ÜSTÜMƏ...

Bilirəm, sən də yatmamısan bu gecə,
yerdən göyə ucalıb təlaşa sarılan səsin.
Dua adlı yalvarışın göz yaşına qarışıb,
çağırmısan ilahini köməyə,
səsləmisən yeri-göyü...
ulduzlardan haray umub,
ayın başına dönmüsən.
Minnətçi düşmüsən uçan ruhuma:
"qaylt bu uçuşdan, qayıt cisminə..."
Əzrayılı lənətləyib, fələyə qarğış
tökmüsən.
Sonra çarəsiz-çarəsiz
qarşısında diz çökmüsən
ölüm adlı mələyin...
Qulağımda neçə doğma səs ağladı,
neçə-neçə dua ötdü yanımdan.
Sənin səsin inadını qırdı göyün
çəkdi əllərini üstümdən,
buraxdı ruhumun yaxasın..
gecəyarı döndüm cismimə
dualarının qanadında.
Uzaq yol gəlmişəm, sevdiyim,
indi çox yorğunam.
Ruhunu sər üstümə,
şeir çək gözlərimə, yuxusuzam...