Bəhram  Bilaloğlu - Həyatın mənbəyi və İnsanın ruh axtarışı

YAZARLAR 10:02 / 15.08.2025 Baxış sayı: 4366

 

İnsanın varlığı əsrlər boyu həm elm adamlarının, həm də filosofların diqqət mərkəzində olmuşdur. Bu diqqətin əsas mövzularından biri də insanı hərəkətə gətirən qüvvənin mahiyyəti sualıdır. Bu qüvvə ruhun ilahi nəfəsindənmi qaynaqlanır, yoxsa bioloji təkamülün milyon illərlə formalaşdırdığı möhtəşəm mexanizmdənmi doğur? Hər iki nəzəriyyə insanın daxili aləmində dərin izlər buraxır, bəzən psixologiyada sakitlik, bəzən isə odlu, alovlu vulkan yaradır.Həmin vulkanın da,yaratdığı suallar daim insan psixologiyasını narahat edən səbəblərdəndir.

Ruhun varlığını təsdiq edə bilməyən insanlarda belə fikir formalaşır, əgər ruh gerçəkdirsə,bu, onu təsdiq edir ki,o, insan varlığının əsası, mənliyinin mərkəzidir. Ruh, maddədən üstün bir varlıq olaraq insana yalnız hərəkət deyil, həm də məna bəxş edir. O, insanı faniliyin sərhədlərindən kənara aparır, onu əbədilik düşüncəsi ilə tanış edir. Əks halda bioloji təkamülün izahıdırsa, digər tərəfdən, elm insan davranışını, hisslərini və arzularını bioloji təkamülün məhsulu kimi aşkara çıxarır. Bu yanaşmaya görə, düşüncələrimiz və hisslərimiz, milyardlarla neyronun qarşılıqlı əlaqəsi nəticəsində yaranan mürəkkəb bir sistemin fəaliyyətidir. Bu izah insanın maddi tərəfini ön plana çıxarır və varlığımızı təbii qanunauyğunluqlara bağlayır.Əsas məsələlərdən biri isə

ziddiyyətin yaratdığı travmadır,hər iki baxış insan şüurunda eyni anda var ola bilər, lakin bu birlik çox vaxt daxili gərginlik yaradır. Cavabı bildiyimizi düşünsək də, beynimiz bəzən onu qəbul etməkdə çətinlik çəkir. Ruhun əbədiliyi ilə cismin faniliyi arasındakı ziddiyyət, insan qəlbində sözlə ifadəsi çətin olan bir boşluq və bəzən də dərin bir travmanın var olmasıdır. Bütün bunları analiz etsək də, görürük ki,bütün bu düşüncələr bizə hansı həyatı bəxş edir,görsək də belə yenə fikirləşirik,ola bilsin,həyatın əsl dəyəri qəti cavabı tapmaqda deyil, sualı yaşatmaqdadır. İnsan bəlkə də, həqiqətin son nöqtəsinə çatmaq üçün deyil, onun izində qalmaq üçün yaradılıb. Bu yolda hər addım, həm ruhun, həm də cismin sirrini çözmək ümidilə atılan bir axtarış kimidir. Və bəlkə də,insanın ən gözəl həyatı, bu axtarışın özündə gizlidir.